Şirkətlər işçi, işsizlər isə iş tapmaqda çətinlik çəkir: bəs səbəbləri nədir?
"Son illər Azərbaycanın əmək bazarında maraqlı və düşündürücü bir mənzərə yaranıb. Ölkədə iş yerlərinin, vakansiyaların sayı artsa da, amma işəgötürən kadr tapmaqda çətinlik çəkir. Digər tərəfdən isə yüzlərlə gənc işsizlikdən şikayətlənir. Bu "tərəzi"nin niyə düz gəlmədiyini sadəcə iqtisadi amillərlə yox, daha dərin, struktur problemlərlə izah etmək olar".
Operativ Media xəbər verir ki, bu sözləri "ASR Development Consulting Group" MMC-nin baş direktoru Elxan Mikayılov bildirib.
Onun sözlərinə görə, əsas səbəbləri bir neçə bənddə real mənzərəyə uyğun qruplaşdırmaq mümkündür:
- Status naminə təhsil: Bizdə ali təhsil hələ də bilik mənbəyi kimi deyil, cəmiyyətdə yer tutmaq üçün bir növ status sənədi kimi görülür. Nəticədə bazarda diplom sayı həddindən çox olur, amma o diplomun arxasında dayanan real bacarıq yox dərəcəsindədir. İmtahanları "yola verməklə" keçən məzun, iş mühitinə girdiyi ilk gün ciddi bir boşluğa düşür. İşəgötürən üçün artıq diplom keyfiyyət zəmanəti funksiyasını tamamilə itirib.
- İxtisas seçimindəki "Dəb" və potensialın yanlış istiqamətləndirilməsi: Gənclər öz potensiallarını kəşf etmədən və bazarın 5 il sonrakı tələbini ölçmədən "populyar" sahələrə (məsələn, hüquq, iqtisadiyyat) yönəlirlər. Bazar hüquqşünasla dolub-daşdığı halda, mühəndislik, texnologiya və spesifik sənaye sahələrində kəskin kadr qıtlığı yaşanır. Bu, həm fərdin məhsuldarlığını aşağı salır, həm də insan kapitalını israf edir.
- Təhsilin əmək bazarının sürətindən geri qalması: Universitetlərin 4 ilə öyrətdiyi nəzəriyyə tələbənin məzun olduğu günə qədər artıq çoxdan "aşınmaya" məruz qalır. Texnologiya işıq sürəti ilə dəyişir, dərsliklər isə yerində sayır. Təhsilin 90 %-nin nəzəriyyə üzərində qurulması gəncləri real iş axınına hazırlamır. Şirkətlər kadrı sanki "sıfırdan" yenidən yetişdirməli olurlar.
- Yumşaq bacarıqlar və adaptasiya problemləri: Bir çox namizəd texniki olaraq güclü olsa da, komanda işi, böhran idarəçiliyi və emosional intellekt kimi məsələlərdə axsayır. Əzbərçilik üzərində qurulan təhsil sistemi gənclərdə problem həlletmə qabiliyyətini ləngidir. Müasir bazar isə icraçıdan çox, həll təklif edən mütəxəssis axtarır.
- Potensialın israfı: Mühəndislik ixtisasını bitirib kuryer və ya taksi sürücüsü kimi çalışan minlərlə gənc var. Bu, rəsmi statistikada "məşğulluq" kimi görünsə də, mahiyyət etibarilə insan kapitalının ən böyük itkisidir.
- Valideyinlərin yanlış istiqamətləndirməsi: Təəssüf ki, cəmiyyətdə hələ də "mütləq ali təhsil almalısan" stereotipi hökm sürür. Nəticədə, texniki bacarığı olan gənclər peşə təhsilinə yönəlmək əvəzinə, istəmədikləri ixtisaslar üzrə universitet bitirir və işsizlər ordusuna qoşulurlar. Bu isə bazarda usta, texnik və digər praktiki mütəxəssislərin kəskin qıtlığına, ali təhsilli "masa arxası" kadrların isə bolluğuna gətirib çıxarır.
"Azərbaycan əmək bazarında tarazlıq yaratmaq üçün "diplom mərkəzli" düşüncədən "bacarıq mərkəzli" modelə keçmək artıq seçim deyil, zərurətdir. Bazar artıq sizin harda oxuduğunuza yox, hansı problemi necə həll etdiyinizə baxır", - Elxan Mikayılov sonda qeyd edib.
