"İnter Mayami" yeni baş məşqçi seçməyə tələsməyəcək
“İnter Mayami”nin həmsahibi Devid Bekhem Xavyer Maskeranonun gedişindən sonra klubun yeni baş məşqçi seçimində tələsməyəcəyini bildirib.
Operativ Media xəbər verir ki, bu haqda "CBS Sports" məlumat yayıb.
“Xavyerin iki gün əvvəl komandadan ayrılması çətin vəziyyətdir. O, ötən mövsümdən sonra gəlmişdi və bizimlə ilk çempionluğunu qazanmışdı. O, qeyri-adi insan, əla məşqçidir, oyunçular onu çox sevirdilər. Lakin futbol klublarında belə hallar qaçılmazdır və biz yolumuza davam etməliyik. Müəyyən məqamda yeni məşqçi tapmalı olacağıq, amma hazırda vəziyyətin sabitləşməsinə imkan verməliyik. Dediyim kimi, klub sahibi olmaq həmişə müəyyən çətinliklərlə müşayiət olunur”, – deyə ingiltərəli ulduz qeyd edib.
Qeyd edək ki, “İnter Mayami” MLS-in müntəzəm çempionatında Şərq konfransının turnir cədvəlində 7 oyundan sonra 12 xalla üçüncü pillədə qərarlaşıb.