Menyu

Ev tikmək istəyən şəxslərin bilməli olduğu qaydalar - VİDEO

Operativ Media
Ev tikmək istəyən şəxslərin bilməli olduğu qaydalar - VİDEO

Son dönəmlər ölkə ərazisində müşahidə olunan intensiv yağışlar nəticəsində bir çox evlərin su altında qalması sənədsiz tikililərlə bağlı ciddi problemləri yenidən gündəmə gətirib.

Operativ Media xəbər verir ki, ekspertlərin rəyinə görə, sənədsiz evlərin nə sığortalanması, nə də dəymiş zərərə görə kompensasiya ödənilməsi hüquqi cəhətdən mümkün deyil.

Bu vəziyyətlə qarşılaşmamaq üçün vətəndaşlar ev tikərkən mütləq qanuni prosedurlara əməl etməlidirlər. İlk növbədə, alınan torpaq sahəsinin çıxarışı (kupçası) olmalı və onun təyinatı mütləq "yaşayış məntəqələrinin torpaqları" kimi qeyd edilməlidir.

Hüquqi prosedurlara əsasən, fərdi evlərin tikintisi artıq sadələşdirilmiş "məlumatlandırma icraatı" çərçivəsində həyata keçirilir. Hündürlüyü 12 metrdən, mərtəbə sayı isə 3-dən çox olmayan evlər üçün lisenziyalı memar tərəfindən hazırlanmış layihə "bir pəncərə" sistemi ilə aidiyyəti qurumlara təqdim olunmalıdır.

Əgər 15 gün ərzində layihəyə rəsmi irad bildirilməzsə, tikintiyə başlamaq olar. Eyni zamanda, təhlükəsizlik və qonşuluq normalarına görə torpaq sahəsinin yalnız 40 faizində tikinti aparılması, qalan hissənin isə ara məsafəsi kimi saxlanılması tövsiyə olunur.

Mütəxəssislər xəbərdarlıq edir ki, qanuni sənədləri olan evlər həm dövlət infrastrukturu (kanalizasiya, su, qaz) ilə təmin edilir, həm də fövqəladə hallarda sahibinə hüquqi müdafiə qazandırır. Əgər subasma kimi hadisələr müvafiq qurumların (məsələn, kanalizasiya sisteminin nasazlığı) səhlənkarlığı ucbatından baş verərsə, yalnız sənədli ev sahibləri məhkəmə qaydasında dəymiş ziyanı tələb edə bilərlər. Sənədsiz tikililər isə həm kommunal şəbəkələrə qoşulma qadağası, həm də gələcəkdə böyük maddi itki riski ilə üz-üzə qalır.

Ətraflı:

Əlaqəli Xəbərlər