Bu il Dövlət Neft Fondu AÇG-dən nə qədər gəlir əldə edib?
Nərmin Qocamanlı
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 1 milyard 798,6 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.
Fonddan "Operativ Media"ya verilən məlumata görə, bu, 2023-cü ilin 4 ayının göstəricisi ilə müqayisədə 669,4 milyon ABŞ dolları və yaxud 27,1 % azdır.
Xatırladaq ki, 2023-cü ilin yanvar-aprel aylarında ARDNF AÇG-dən 2 milyard 468 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.
Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.