Livan və İsrail Romada "pilot zona"ların yaradılması barədə razılığa gəlib
Livan və İsrail nümayəndə heyətləri Romada keçirilən danışıqların yekununda Litani çayından şimal və cənub istiqamətlərində ilk "pilot zona"nın yaradılması barədə razılığa gəliblər.
Operativ Media xəbər verir ki, bu barədə "Al Jadeed" telekanalı məlumat yayıb. Əldə olunmuş razılaşmaya əsasən, İsrail ordusu Burc-Kalavay, Zautar-əl-Qərbiyə, Zautar-əş-Şərqiyə, Serifə, Frun və Əl-Qanduriyə yaşayış məntəqələrindən geri çəkiləcək. İsrail qüvvələrinin tərk etdiyi həmin ərazilərdə Livan ordusunun bölmələri yerləşdiriləcək.
Baabda prezident sarayındakı mənbənin telekanala verdiyi açıqlamaya görə, ABŞ-nin Romadakı səfirliyində baş tutan görüşün iştirakçıları Livanın cənubunda yaradılacaq "pilot zonalar"dakı vəziyyətə hansı beynəlxalq tərəfin nəzarət edəcəyini hələlik müəyyənləşdirməyiblər.
Məlumata görə, monitorinqin BMT-nin Barışıq Sazişinin Yerinə Yetirilməsinə Nəzarət Təşkilatının (UNTSO) sülhməramlıları tərəfindən həyata keçirilməsi istisna olunmur. Bu missiya 1948-ci ilin mayında, ilk ərəb-israil müharibəsindən sonra Yaxın Şərqdə sabitliyə dəstək məqsədilə təsis edilib.
Telekanalın xəbərində qeyd olunur ki, Livan, İsrail və ABŞ-dən olan hərbi ekspertlər təhlükəsizlik tədbirlərinə dair hərtərəfli sazişin imzalanması üçün Romadakı görüşdən sonra texniki detalların müzakirəsini davam etdirəcəklər.
Xatırladaq ki, iyunun 26-da Livan və İsrail ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda keçirilən beş mərhələli məsləhətləşmələrdən sonra çərçivə sazişi imzalayıblar. Həmin sənədə uyğun olaraq, Livan silahlı qüvvələri ölkənin bütün əraziləri üzərində suveren nəzarəti tədricən bərpa etməli, İsrail isə işğal olunmuş bölgələrdən qoşunlarını çıxarmalıdır.