Cey Kleyton: ABŞ üçün əsas xarici təhlükələr Rusiya, Çin və İrandır
ABŞ Milli Kəşfiyyatının direktoru vəzifəsinə namizəd Cey Kleyton Rusiya, Çin və İranın ölkəsinin təhlükəsizliyinə yönəlmiş əsas xarici təhdidlər sırasında olduğunu bəyan edib.
Operativ Media xəbər verir ki, C.Kleyton bu barədə ABŞ Senatının xüsusi kəşfiyyat komitəsində onun namizədliyinin müzakirəsinə həsr olunmuş dinləmələrdə çıxışı zamanı danışıb. O, Vaşinqton üçün ən böyük təhlükələr sırasına ilk növbədə müxtəlif mənbələrdən qaynaqlanan terrorizmi aid edib.
Namizəd digər mühüm təhlid kimi ABŞ-yə narkotik vasitələrin, xüsusilə də sintetik opioid növü olan fentanilin qaçaqmalçılığını göstərib. Daha sonra o, müəyyən ölkələrdəki narkokartellərlə silahlı qüvvələrin birgə ittifaqını qeyd edib. Kleyton çıxışının sonunda ABŞ-nin ənənəvi rəqibləri qismində məhz Rusiya, Çin və İranın adlarını çəkib.
Komitə sədrinin müavini, demokrat senator Mark Uorner Kleytonun Rusiya, Çin və İranı təhlükələr siyahısında narkotik qaçaqmalçılığından sonrakı pilləyə qoymasına görə narazılığını ifadə edib. Lakin namizəd bu təhdidləri hər hansı dərəcə üzrə sıralamadığını aydınlaşdırıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın iyunun 11-də namizədliyini irəli sürdüyü bu şəxs ölkənin bütün 18 kəşfiyyat orqanının fəaliyyətini əlaqələndirən rəhbər vəzifəni icra edəcək. Cey Kleytonun təyinatı Senat tərəfindən rəsmən təsdiqlənməlidir.