Paytaxtda göl ətrafı mənzillər: Risklər və qiymətlər
Paytaxtda göl ətrafında inşa olunan yaşayış kompleksləri həm mənzərəsi, həm də yerləşdiyi ərazi baxımından alıcıların diqqətini cəlb edir. Bununla belə, belə ərazilərdə yaşayan sakinlər rütubət, ağcaqanadların çoxluğu, xoşagəlməz qoxu və bəzi hallarda qrunt sularının qalxması kimi problemlərlə üzləşdiklərini bildirirlər. Maraqlıdır ki, bu narahatlıqlara baxmayaraq, göl kənarında yerləşən yaşayış komplekslərində mənzil qiymətləri yüksək olaraq qalır.
Operativ Media xəbər verir ki, göl ətrafında yerləşən bəzi binaların sakinləri ərazidəki vəziyyətdən narazılıqlarını bildirirlər. Onların sözlərinə görə, xüsusilə isti havalarda belə göllərdən kəskin və xoşagəlməz qoxu gəlir.
Əmlak eksperti Elnur Azadov bildirib ki, göl ətrafında tikilən binalarda rütubət daha yüksək olduğuna görə müxtəlif həşəratlar, xüsusilə ağcaqanadlar və digər canlılar daha çox müşahidə olunur:
“Bunun əsas səbəbi həmin ərazilərin canlıların çoxalması üçün əlverişli mühit yaratmasıdır. Bundan əlavə, bu binalarda yaşayan sakinləri narahat edən əsas məsələlərdən biri də qrunt sularının səviyyəsinin qalxmasıdır. Bu isə zirzəmilərin və həyətyanı sahələrin su altında qalması kimi problemlərə səbəb ola bilər.
Qeyd edim ki, bu problem xüsusilə son altı ay ərzində daha qabarıq şəkildə müşahidə olunur. Əvvəlki dövrlərdə isə belə hallara demək olar ki, rast gəlinmirdi.
Əslində, “göl ətrafı” anlayışı kifayət qədər genişdir. Əgər söhbət son subasma hadisələrindən sonra göllərin yaxınlığında yerləşən yaşayış məntəqələrindəki risklərdən gedirsə, bu zaman bütün gölləri eyni kateqoriyada qiymətləndirmək düzgün olmaz.
Məsələn, Böyükşor və Masazır göllərinin ətrafında yaşamaq heç vaxt ciddi riskli hesab edilməyib. Bu göllərdə su səviyyəsində əhəmiyyətli artım müşahidə olunmayıb. Əksinə, həmin ərazilərə tələbat kifayət qədər yüksəkdir. Böyükşor gölü ətrafında son illər yol və nəqliyyat infrastrukturu inkişaf edib, ərazi abadlaşdırılıb, panoraması və təmiz havası ilə seçilir. Bu səbəbdən də göl ətrafındakı evlərin qiymətləri bəzi hallarda şəhərin digər ərazilərindəki daşınmaz əmlakdan da yüksəkdir.
Masazır gölü ətrafı da həm görünüşü, həm də ekoloji baxımdan cəlbedici hesab olunur. Burada da infrastruktur inkişaf etdiyindən yaşayış üçün maraq artıb və bu ərazilər riskli zona kimi qiymətləndirilmir.
Qiymətlərə gəlincə, Böyükşor qəsəbəsində bir sot torpağın qiyməti hazırda 30 min manatdan aşağı deyil. Masazır gölü ətrafında isə yaşayış təyinatlı torpaqların bir sotu təxminən 20-25 min manat arasında dəyişir.
Lakin kiçik və mövsümi göllərin ətrafında vəziyyət fərqlidir. Əgər həmin göllərdə suyun səviyyəsi yağıntılar nəticəsində sürətlə yüksəlirsə və yaşayış evləri gölə çox yaxın tikilibsə, burada müəyyən risklər mövcuddur. Belə ərazilərdə torpağın qiyməti yerləşməsindən asılı olaraq təxminən 5-15 min manat arasında dəyişir.
Ümumilikdə, Abşeron yarımadasında torpağın qiymətinə yalnız göl amili deyil, şəhər mərkəzinə yaxınlıq və yol infrastrukturu da ciddi təsir göstərir.
Məsələn, Kürdəxanı ətrafındakı göl son illər tədricən quruyur. Əvvəllər burada torpağın bir sotu 4-5 min manat olduğu halda, gölün sahəsinin kiçilməsi və ərazinin yaşayış üçün daha əlverişli hesab olunması nəticəsində qiymətlər 20 min manata qədər yüksəlib.
Yəni göl ətrafındakı torpaqların qiymətini və risk səviyyəsini ümumiləşdirmək düzgün deyil. Burada gölün daimi və ya mövsümi olması, su səviyyəsinin dəyişmə ehtimalı, yerləşdiyi ərazi və infrastruktur imkanları əsas amillər hesab olunur”.