Ərdoğan FETÖ təhlükəsinin hələ də davam etdiyini açıqlayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan düz 10 il əvvəl dövlət çevrilişinə cəhd göstərmiş FETÖ terror təşkilatının ölkə üçün hələ də təhdid mənbəyi olduğu barədə xəbərdarlıq edib.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyə lideri parlamentdə qiyamın yatırılmasının onuncu ildönümünə həsr olunmuş mərasimdə çıxışı zamanı danışıb. Dövlət başçısı qeyd edib ki, on il əvvəl uğursuzluğa düçar olan qruplaşma üzvləri hazırda öz məkrli planlarını yenidən canlandırmağa çalışır və intiqam almaq məqsədilə türk millətinə düşmən olan qüvvələrlə əməkdaşlıq edirlər.
Ərdoğanın sözlərinə görə, 2016-cı ilin iyulunda çevrilişə cəhd edənlər Türkiyəni müstəmləkəyə çevirmək və ölkəni tamamilə işğal etmək niyyətində olublar, lakin bu planın qarşısı qətiyyətlə alınıb. O vurğulayıb ki, son on ildə müdafiə sənayesi, iqtisadiyyat, təhlükəsizlik və xarici siyasət sahələrində qazanılan uğurlar məhz dövlət aparatının FETÖ tərəfdarlarından təmizlənməsi sayəsində mümkün olub.
Türkiyə rəhbəri ötən dövr ərzində idarəetmə sisteminin parlamentli respublikadan prezident üsul-idarəsinə dəyişdirilməsini ən böyük nailiyyət adlandırıb. Onun fikrincə, 2017-ci ildə referendumla qəbul edilən və 2018-ci ildə qüvvəyə minən bu sistem sayəsində ölkədə onilliklər boyu hərbi müdaxilələrə şərait yaradan siyasi qeyri-sabitlik problemi aradan qaldırılıb.
Xatırladaq ki, 15 iyul 2016-cı ildə baş verən çevriliş cəhdi zamanı 253 nəfər şəhid olub, 2,2 min insan isə yaralanıb. Hadisələrdən sonra dövlət qurumlarında aparılan təmizləmələr çərçivəsində 100 mindən çox şəxs işdən çıxarılıb, yüzlərlə qiyamçı ömürlük həbs cəzasına məhkum edilib.