Donald Tramp xalqa müraciətində ABŞ-İran münaqişəsindən danışacaq
ABŞ Prezidenti Donald Tramp iyulun 16-da xalqa edəcəyi televiziya müraciətində Birləşmiş Ştatlar və İran arasındakı mövcud hərbi münaqişə mövzusuna toxunmaq niyyətindədir.
Operativ Media xəbər verir ki, bu barədə "Axios" portalı ABŞ liderinin müşavirlərindən birinə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, Ağ Ev rəhbəri çıxışında ölkədəki seçki mövzusuna toxunacaq, həmçinin Vaşinqton və Tehran arasında davam edən hərbi əməliyyatlarla bağlı son məlumatları diqqətə çatdıracaq, eyni zamanda vacib hesab etdiyi digər məsələlərdən bəhs edəcək.
Müşavir gözlənilən müraciətin fərqli mövzuları əhatə edəcəyini bildirib. O, İranda cərəyan edən hadisələrlə bağlı vəziyyətin hər dəqiqə dəyişdiyini, lakin Trampın mütləq bu məsələyə toxunmaq istədiyini vurğulayıb.
Qeyd edək ki, ABŞ lideri daha əvvəl "Truth Social" sosial şəbəkəsində iyulun 16-da axşam saatlarında çıxış edəcəyini elan etsə də, müraciətin mövzusunu açıqlamamışdı. "MS Now" telekanalının yaydığı məlumata görə isə, dövlət başçısının çıxışı həmçinin 2020-ci ildə ABŞ-də keçirilən seçkilərə xarici müdaxilə məsələsini də əhatə edəcək.