Qvardiola İtaliya millisinin baş məşqçisi postuna əsas namizəddir
"Mançester Siti"nin keçmiş baş məşqçisi Xosep Qvardiolanın İtaliya milli komandasının sükanı arxasına keçməyə ən yaxın namizəd olduğu bildirilir.
Operativ Media xəbər verir ki, bu barədə "Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Məlumata görə, İtaliya Futbol Federasiyasının (FIGC) rəhbərliyi hazırda baş məşqçi postu üçün üç namizədin yer aldığı qısa siyahı hazırlayıb. Siyahıda Qvardiola ilə yanaşı, komandanı "Avro-2020"nin qalibi etmiş Roberto Mançini və 2014-2016-cı illərdə İtaliya seçməsini çalışdırmış Antonio Konte də yer alır. Lakin federasiya rəhbərliyinin digər iki mütəxəssisə üstünlük vermədiyi iddia olunur.
Qeyd edək ki, "adzurrilar"ın ardıcıl üçüncü dəfə dünya çempionatından kənarda qalmasından sonra komandanın rəhbərliyində ciddi kadr dəyişiklikləri baş verib. Cari ilin aprelində baş məşqçi Cennaro Qattuzo istefa verib, həmçinin milli nümayəndə heyətinin rəhbəri Canluici Buffon və İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina da vəzifələrini tərk ediblər. İyulun 11-də isə yığmanın sabiq kapitanı Paolo Maldini FIGC-nin texniki direktoru vəzifəsinə təyin olunub.