BMT-nin baş katibi Hörmüz boğazında gəmiçilik azadlığının təmin edilməsini istəyir
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antoniu Quterreş Hörmüz boğazı vasitəsilə naviqasiya azadlığının qorunmasının tərəfdarıdır.
Operativ Media xəbər verir ki, bu barədə qurum rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinq zamanı bəyan edib.
Düjarrik bu fikirləri ABŞ Prezidenti Donald Trampın bəyanatını şərh edərkən səsləndirib. Ağ Ev rəhbəri daha əvvəl bildirmişdi ki, rəsmi Vaşinqton naviqasiya təhlükəsizliyinin təmini müqabilində daşınan yüklərin dəyərinin 20 faizini almaqla Hörmüz boğazına nəzarət etmək niyyətindədir.
BMT rəsmisi böhran dövründə sözügedən su arteriyası ilə bağlı çoxsaylı ritorik bəyanatların şahidi olduqlarını diqqətə çatdırıb. O qeyd edib ki, baş katibin bu məsələdəki mövqeyi dəyişməz olaraq qalır və o, boğazda gəmilərin sərbəst gediş-gəlişinin təmin olunmasını istəyir.