Viktor Orban Macarıstanın yeni hökumətinə müqavimət göstərəcəklərini bəyan edib
Macarıstanın keçmiş baş naziri Viktor Orban və onun rəhbərlik etdiyi "FİDES - Macarıstan Vətəndaş İttifaqı" partiyası ölkə prezidenti Tamaş Şuyoku vəzifəsindən uzaqlaşdırmağa çalışan Peter Madyarın rəhbərlik etdiyi yeni hökumətə müqavimət göstərəcək.
Operativ Media xəbər verir ki, bu barədə eks-baş nazir özünün "Facebook" səhifəsində paylaşım edib.
Keçmiş hökumət başçısı dövlət rəhbərinin zorakı üsullarla vəzifədən kənarlaşdırılacağı təqdirdə Macarıstanın müqavimət göstərmək hüququnun yaranacağını və bu addımı mütləq atacaqlarını bildirib. V. Orban sosial şəbəkə hesabında P. Madyarın üzərində "Demokratik Macarıstan. 1990-2026" yazısı olan ağ-qara fotoşəklini də paylaşıb.
Eks-baş nazir hazırkı ölkə rəhbərinin vəzifədən kənarlaşdırılmasını nəzərdə tutan konstitusiyanın 17-ci düzəlişini qanunsuz hesab etdiyini təsdiqləyib. Qeyd edək ki, iyulun 13-də hökumət tərəfindən hazırlanan həmin sənəd layihəsi parlamentdə qəbul edilib. Hazırda qanunverici orqanda yerlərin üçdə ikisindən çoxu P. Madyarın rəhbərlik etdiyi "Tisa" partiyasının deputatlarına məxsusdur.
V. Orbanın fikrincə, mövcud hakimiyyət tənqidə və nəzarətə dözmür, həmçinin istənilən şəxsi işdən çıxarmaq və biznesini əlindən almaq üçün rıçaqlar əldə etməyə çalışır. O vurğulayıb ki, rəhbərlik etdiyi FİDES partiyası diktatura üsullarını heç vaxt qanuni qəbul etməyəcək və qeyri-qanuni yolla təyin olunacaq yeni prezidentin qərarları da legitim sayılmayacaq.
Xatırladaq ki, ötən həftə Budapeştdə FİDES partiyası və onun müttəfiqi olan xristian demokratlar P. Madyarın siyasətinə etiraz, T. Şuyoka isə dəstək məqsədilə irimiqyaslı aksiya keçiriblər. Dövlət başçısının Şandor sarayındakı iqamətgahı qarşısında təşkil olunan və bir neçə min insanın qatıldığı nümayiş "Özbaşınalığı dayandıraq" şüarı altında baş tutub.