Hakan Fidan: İsrailin ABŞ-İran danışıqlarını sabotaj etməsinə imkan verilməməlidir
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ və İran arasında atəşkəsin təmin edilməsinə dair anlaşmanın əldə olunmasını müsbət qiymətləndirdiklərini bildirib.
Operativ Media xəbər verir ki, o, bu barədə Ottavada kanadalı həmkarı Anita Anand ilə keçirdiyi birgə mətbuat konfransında danışıb.
Hakan Fidan qeyd edib ki, atəşkəsin Livanı da əhatə etməsi regionda sabitlik baxımından mühüm müsbət addımdır.
Nazirin sözlərinə görə, Hörmüz boğazında sərbəst və fasiləsiz gəmiçiliyin təmin olunması xüsusi əhəmiyyət daşıyır.
O vurğulayıb ki, Türkiyə ABŞ və İran arasında davam edən danışıqlar prosesinə bundan sonra da töhfə verməyə hazırdır. Hakan Fidan əlavə edib ki, İsrailin bu prosesi pozmasına imkan verilməməli, beynəlxalq ictimaiyyət isə bu məsələdə ayıq-sayıq olmalıdır.