Fidan: Rusiya və Ukrayna nümayəndələri arasında görüş təşkil etməyə hazırıq
Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin Rusiya ilə Ukrayna arasında münaqişənin mümkün qədər tez başa çatmasını istədiyini və tərəflər arasında danışıqların yenidən təşkili üçün ev sahibliyi etməyə hazır olduğunu bildirib.
Operativ Media xəbər verir ki, Hakan Fidan bu barədə Ottava şəhərində kanadalı həmkarı Anita Anand ilə keçirdiyi birgə mətbuat konfransında danışıb.
Nazirin sözlərinə görə, Türkiyə Rusiya-Ukrayna müharibəsinin dialoq və beynəlxalq hüquq əsasında mümkün qədər tez başa çatmasının tərəfdarıdır.
Hakan Fidan qeyd edib ki, hazırda diplomatik prosesdə durğunluq müşahidə olunur, münaqişə isə daha da şiddətlənir və tərəflər hərbi üstünlük əldə etməyə çalışırlar.
O vurğulayıb ki, diplomatik proses qısa müddətdə bərpa edilməlidir və Türkiyə, daha əvvəl də bəyan etdiyi kimi, Rusiya və Ukrayna nümayəndə heyətlərini yenidən öz ərazisində danışıqlar masası arxasında bir araya gətirməyə hazırdır.