Kirayə mənzil yoxsa, kreditə ev? - Hansı daha sərfəlidir?
Son illər Azərbaycanda gənc ailələrin rifahı və sosial təminatı kontekstində ən çox aktuallıq kəsb edən məsələlərdən biri məhz mənzil əlçatanlığıdır. Daşınmaz əmlak bazarındakı dinamik qiymət artımı fonunda, vətəndaşlar üçün "kirayə mənzil" və "ipoteka kreditləri" arasında optimal seçim etmək fundamental iqtisadi dilemmaya çevrilib. Lakin mütəxəssislərin fikrincə, mövcud vəziyyətdə əsas hədəf mexanizmlərin müqayisəsindən daha çox, onların sosial səmərəliliyinin və kütləvi əlçatanlığının təmin edilməsidir.
Operativ Media xəbər verir ki, mövzu ilə bağlı "Günə Doğru"nun efirində danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, hər iki mexanizm sosial xarakter daşıyır və vətəndaşların, xüsusilə də gənc ailələrin mənzil təminatına xidmət edir.
O bildirib ki, kirayə mənzil layihələri əsasən müəyyən edilmiş ərazilərdə inşa olunan sosial binaları əhatə edir:
"İpoteka kreditləşməsində isə vətəndaş mənzili özü seçir və İpoteka və Kredit Zəmanət Fondunun ayırdığı kredit hesabına əldə edir. Bu baxımdan ipoteka vətəndaşlara istədikləri ərazidə və zövqlərinə uyğun mənzil seçmək imkanı yaradır.
Əsas məsələ kirayə və ya ipoteka arasında seçim etmək deyil, bu layihələrin daha əlçatan olmasıdır. Onun fikrincə, həm MİDA, həm də İpoteka və Kredit Zəmanət Fondu tərəfindən həyata keçirilən layihələrdə şərtlər yumşaldılmalı, daha çox ailənin mənzil sahibi olması üçün imkanlar genişləndirilməlidir".
Vüqar Oruc qeyd edib ki, bu gün vətəndaşları ən çox narahat edən məsələ mənzil əldə etmək imkanlarının məhdud olmasıdır.
Onun sözlərinə görə, elə şərait yaradılmalıdır ki, həm mənzil problemi həll olunsun, həm də bu proses ölkə iqtisadiyyatına müsbət təsir göstərsin:
"Bu, bank sektorunun fəaliyyətini genişləndirə, eyni zamanda daşınmaz əmlak bazarında sabitliyə töhfə verə bilər”.O bildirib ki, müxtəlif ölkələrdə gənc ailələr üçün daha əlverişli mexanizmlər tətbiq olunur. Məsələn, bəzi ölkələrdə ailələr mənzil əldə etdikdən sonra kredit ödənişlərinə bir neçə il sonra başlayırlar və ya daha aşağı faiz dərəcələri tətbiq edilir.
Azərbaycanda da bu istiqamətdə təkliflər dəfələrlə səsləndirilib. İpoteka kreditləri üzrə faiz dərəcələri aşağı salınmalı, kredit limitləri artırılmalı və kredit müddəti uzadılmalıdır".
O, hazırda tətbiq olunan 4 və 8 faizlik ipoteka kreditlərinin müvafiq olaraq 3 və 6 faizə endirilməsini, kredit limitlərinin isə 150-200 min manata qədər artırılmasını təklif edib. Həmçinin kredit müddətinin 30 ilə qədər uzadılmasının vacib olduğunu vurğulayıb.
Ekspert dünya təcrübəsinə istinad edərək pensiya fondlarında toplanan vəsaitlərin müəyyən hissəsinin ipoteka kreditləşməsinə yönəldilməsinin də mümkün variantlardan biri olduğunu bildirib.
Vüqar Orucun sözlərinə görə, bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təxminən 4 milyard manat kredit ayrılıb və 59 minə yaxın vətəndaş mənzillə təmin olunub. Bununla belə, daha çox ailənin mənzil sahibi olması üçün əlavə maliyyə mənbələrinin formalaşdırılmasına ehtiyac var.
O hesab edir ki, tikinti sektorunun inkişafı üçün təşviq proqramları genişləndirilməli, yeni layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradılmalıdır.
Ekspert eyni zamanda MİDA layihələrində və digər sosial mənzil proqramlarında tətbiq olunan elektron satış mexanizminin də təkmilləşdirilməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, hazırkı sistemdə daha çox texniki imkanları və İT bacarıqları yüksək olan şəxslər üstünlük əldə edirlər. Halbuki mənzilə daha çox ehtiyacı olan ailələrin müəyyənləşdirilməsi üçün əlavə qiymətləndirmə mexanizmləri tətbiq edilməlidir.
Vüqar Oruc sonda bildirib ki, dövlət qurumlarının fəaliyyətinə irad yoxdur. Əsas məsələ metod və yanaşmaların dəyişdirilməsi, mənzil proqramlarının daha əlçatan və ədalətli şəkildə təşkil edilməsidir”.