Bölgələrdə yeni trend: "Tiny house" və "glamping"ə yatırım etmək nə qədər uğurludur?
Son illər Azərbaycanda ənənəvi hotel istirahətindən fərqli, təbiətlə baş-başa və minimalist səyahət konseptlərinə maraq sürətlə artmaqdadır. Xüsusilə İsmayıllı, Quba, Qəbələ və Şəki kimi dilbər guşələrimizdə populyarlıq qazanan "tiny house" (kiçik evlər) və glamping (lüks kempinq), şəhərin səs-küyündən qaçmaq istəyənlər üçün yeni nəsil istirahət trendinə çevrilib.
Bəs, bölgələrdə "tiny house" və "glamping" layihələrinə sərmayə qoymaq nə dərəcədə ağıllı yatırımdır?
Mövzu ilə bağlı Operativ Media-ya danışan turizm eksperti Rəhman Quliyev bildirib ki, həyata keçirilən layihələr nəticəsində bölgələrimizə turist axını sürətlə artır:
"Həm paytaxtdan bölgələrə üz tutan yerli turistlər, həm də Azərbaycana gələn xarici qonaqlar, xüsusilə işğaldan azad olunmuş ərazilərimizə böyük maraq göstərirlər. Lakin tələbatın təklifi üstələdiyi hallarda qiymət artımının baş verməsi qaçılmazdır.
O bildirib ki, bu gün əvvəlki illərlə müqayisədə yerləşmə imkanları daha çox olsa da, turist sayının artması səbəbindən tələbat daha yüksəkdir. Qiymətlərin daha əlçatan səviyyədə qalması üçün “tiny house” tipli ekobüdcəli evlərin tikilməsi və turistlərə təqdim olunması çox müsbət addımdır.
Hesab edirəm ki, regionlarda yaşayan sakinlərin öz həyətlərində kiçik qonaq evləri inşa edərək onları gündəlik kirayəyə verməsi də təşviq olunmalıdır. Bu, bir tərəfdən bölgə əhalisinin gəlirlərinin artmasına, digər tərəfdən isə turizm infrastrukturunun genişlənməsinə xidmət edir. Azərbaycana gələn hər bir turistin xərclədiyi vəsait nəticə etibarilə vətəndaşların rifahının yüksəlməsinə töhfə verməlidir.
Bu gün Azərbaycanda qeyri-neft sektorunun əsas istiqamətlərindən biri olan turizmin inkişafı birbaşa olaraq insanların sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. Bu baxımdan həyata keçirilən layihələr ölkənin turizm potensialının daha da güclənməsinə şərait yaradır.
Dövlət proqramları çərçivəsində xüsusilə işğaldan azad olunmuş ərazilərdə mühüm işlər görülüb. Müasir yol infrastrukturunun qurulması, beynəlxalq hava limanlarının istifadəyə verilməsi, yeni xidmət obyektlərinin yaradılması göstərir ki, həmin bölgələr yaxın illərdə ölkənin əsas turizm mərkəzlərindən birinə çevriləcək. Bütün bunlar gələcəkdə həm turist sayının artmasına, həm də regionların iqtisadi inkişafının sürətlənməsinə ciddi töhfə verəcək”.
Turizm eksperti Əziz Şiriyev isə bildirib ki, Azərbaycanda kiçik evlərin və ya A-Frame tipli evlərin tikinti xərcləri müxtəlif amillərdən asılı olaraq dəyişir. Ümumiyyətlə, belə evlərin tikintisi təxminən 25-50 min manat arasında başa gəlir:
Qiymətə təsir edən əsas amillər bunlardır:
- Torpaq sahəsinin yerləşdiyi ərazi;
- Tikinti üçün tələb olunan icazələr və sənədləşmə işləri;
- Daşınmaz əmlakın rəsmiləşdirilməsi xərcləri;
- Tikinti materialları və avadanlıqları;
- İşçi qüvvəsi və xidmət haqları.
Təxmini qiymətlər isə belədir:
- 1 mərtəbəli, 1 otaqlı ev – təxminən 25 min manat;
- 1 mərtəbəli, 2 otaqlı ev – təxminən 30 min manat;
- 2 mərtəbəli, 3 otaqlı ev – təxminən 50 min manat.
Bəs, Azərbaycanda kənd təsərrüfatı və ya meşə fondu torpağında "glamping" qurmaq üçün hansı hüquqi prosedurlar və icazələr lazımdır?
Vəkil Səma Əhmədova bildirib ki, "glamping" obyektinin hansı kateqoriyaya aid torpaq sahəsində yerləşdirilməsi hüquqi prosedurların həcmini müəyyən edən əsas amillərdən biridir:
“Əgər layihə kənd təsərrüfatı təyinatlı torpaq sahəsində həyata keçiriləcəksə, həmin torpaq sahəsindən yalnız təyinatı üzrə istifadə olunmalıdır. Torpaq üzərində daimi xarakterli tikililərin inşası və ya torpağın istifadəsinin məqsədinin dəyişdirilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq dövlət orqanlarının razılığı və ya torpağın kateqoriyasının dəyişdirilməsi proseduru həyata keçirildikdən sonra mümkündür.
Əgər "glamping" layihəsinin meşə fondu torpaqlarında həyata keçirilməsi planlaşdırılırsa, bu halda hüquqi tələblər daha sərtdir. Meşə fondu torpaqları dövlət mülkiyyətində olmaqla xüsusi hüquqi rejimə malikdir və həmin ərazilərdə hər hansı obyektin yerləşdirilməsi yalnız meşə qanunvericiliyində nəzərdə tutulmuş əsaslar və aidiyyəti dövlət orqanlarının razılığı əsasında mümkündür. Meşə fondunun istifadəsi zamanı meşələrin qorunması, biomüxtəlifliyin saxlanılması və ekoloji təhlükəsizlik tələbləri mütləq nəzərə alınmalıdır.
"Glamping" məqsədilə modul evlər, kotteclər, sanitar qovşaqları, inzibati binalar və ya digər tikililər inşa ediləcəyi təqdirdə, həmin tikililərin xüsusiyyətindən asılı olaraq şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl edilməlidir. Tikinti işlərinə başlanılması üçün qanunvericilikdə nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanından tikintiyə icazə alınmalı və ya məlumatlandırma proseduru həyata keçirilməlidir. Bunun üçün, bir qayda olaraq, torpaq sahəsi üzərində hüquqları təsdiq edən sənədlər, layihə sənədləri, mühəndis-kommunikasiya şərtləri və digər tələb olunan sənədlər təqdim edilir.
"Glamping" obyekti sahibkarlıq fəaliyyəti çərçivəsində turistlərin yerləşdirilməsi, qidalanması və ya digər xidmətlərin göstərilməsi məqsədilə istifadə ediləcəksə, fəaliyyət qanunvericiliklə müəyyən edilmiş qaydada sahibkarlıq subyekti tərəfindən həyata keçirilməlidir. Göstərilən xidmətlərin xarakterindən asılı olaraq sanitariya-gigiyena normalarına, yanğın təhlükəsizliyi qaydalarına, istehlakçı hüquqlarının qorunması ilə bağlı tələblərə və digər məcburi normalara riayət olunmalıdır. Ayrı-ayrı xidmət növləri üzrə qanunvericilikdə lisenziya və ya icazə nəzərdə tutulduğu hallarda həmin icazələrin alınması da tələb olunur.
Nəticə etibarilə, Azərbaycan Respublikasında kənd təsərrüfatı və ya meşə fondu torpaqlarında glamping layihəsinin həyata keçirilməsi üçün ayrıca "glamping icazəsi" və ya xüsusi lisenziya mövcud olmasa da, layihənin hüquqi cəhətdən düzgün reallaşdırılması üçün torpaq qanunvericiliyinin, şəhərsalma və tikinti normalarının, meşə və ekoloji qanunvericiliyin, eləcə də sahibkarlıq fəaliyyəti ilə bağlı tələblərin kompleks şəkildə nəzərə alınması vacibdir”.