Azərbaycan istirahət niyə baha başa gəlir?
Turizmin inkişafında təkcə beş ulduzlu hotellərin açılması yox, eyni zamanda aşağı büdcəli hotellərin də açılması çox vacibdir. Çünki ölkəyə gələn turistin də, elə ölkə daxilində yaşayan vətəndaşın da hər büdcəyə uyğun seçim imkanı olmalıdır.
Bu sözləri Operativ Media-ya Turizm eksperti Əziz Şiriyev deyib.
O bildirib ki, elə şərait yaradılmalıdır ki, hər kəs öz imkanına uyğun istirahət edə bilsin:
"Dünya təcrübəsində də bir ulduzlu, iki ulduzlu, üç ulduzlu hotellər, hostellər geniş yayılıb. Amma bizdə daha çox üç və beş ulduzlu otellərə üstünlük verilir.
Hazırda bəzi hotellər hətta ulduz kateqoriyasına görə yenidən qiymətləndirilib. Yəni üç ulduzdan iki ulduza salınan, beş ulduzdan dörd ulduza endirilən hotellər var. Bu da Hotellər Assosiasiyası tərəfindən aparılan qiymətləndirmələr və araşdırmalar nəticəsində baş verib. Məqsəd odur ki, həmin hotellər xidmət keyfiyyətini artırıb yenidən öz ulduzlarını bərpa etsinlər.
Amma mən hesab edirəm ki, bir ulduzlu, iki ulduzlu hotellər, hostellər və daha çox butik otellər də mütləq olmalıdır. Hətta qonaq evləri və aqroturizm də inkişaf etməlidir. Məsələn, kənd turizmi var, bununla bağlı xüsusi platformalar da mövcuddur, sahibkarların evləri var. İnsanlar orada çox münasib qiymətə qala bilər, həm təbiətdən, həm həyət şəraitindən, həm də yerli məhsullardan istifadə edə bilərlər.
Uşaqlar üçün də, ailələr üçün də çox gözəl istirahət imkanları yaranır".
Turizm eksperti Ceyhun Aşurov isə bildirib ki, Azərbaycanda son dövrlərdə kənd evləri, kirayə verilən evlər, ümumiyyətlə bu tip yerləşmə obyektlərinin sayı artıb:
"Düşünürəm ki, bunun əsas səbəbi tələbatın çox olmasıdır. Hətta bu artım regionlarda qiymətlərin müəyyən qədər balanslaşmasına da təsir göstərir.
Mövsüm və qeyri-mövsümə görə qiymətlər dəyişir. Elə evlər var ki, günlük 50 manatdan başlayır, 500 manata qədər də qalxır. Təbii ki, mövsüm vaxtı 50 manata ev tapmaq çox çətindir, adətən 100–150 manat aralığında olur. Açığı, xaricdə də 50–60 manata normal ev tapmaq mənim müşahidəmə görə çox asan deyil. Hətta Türkiyədə, Gürcüstanda və Avropanın bir çox ölkələrində də günlük kirayə qiymətləri təxminən 100 dollar civarında dəyişir. Gürcüstanda belə qeyri-sezon vaxtı ən aşağı qiymətlər 50–60 dollar səviyyəsində olur. Təbii ki, qalma müddəti, evin şəraiti və şərtləri də qiymətə təsir edir.
Azərbaycanda da, xüsusilə Bakı şəhərində günlük kirayə qiymətləri təxminən 40–50 dollardan başlayır. Ümumilikdə ölkədə hotellərin sayı da təxminən 1800-ə yaxındır. Amma son statistik göstəricilərə görə turizmdə müəyyən azalma müşahidə olunur, keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 11 faiz eniş var. Bu da təbii olaraq hotellərin doluluq səviyyəsinə təsir göstərir.
Hotel sayı çoxdurmu sualına gəldikdə isə, əslində 800 və ya 1800 hotel böyük rəqəm sayılmaya bilər. Sadəcə son dövrlər kənd evləri, villalar və fərdi kirayə obyektləri daha çox inkişaf edib. Xüsusilə Şəki, Qəbələ, Quba, Qusar kimi turizm bölgələrində günlük kirayə evlərin və villaların sayı artıb. Cənub bölgəsində də dövlət təşviqləri və layihələr çərçivəsində bu tip yerləşmə obyektlərinin inkişafı müşahidə olunur.
Qiymətlər də təbii olaraq dəyişir. Sadə kənd evləri 50–150 manat aralığında olur, amma özəl hovuzu, böyük ərazisi olan villalarda qiymətlər 500 manata qədər qalxa bilir.
Hotel sayının artmamasının əsas səbəblərindən biri isə onun yüksək kapital tələb etməsidir. Bu sahəyə investisiya qoymaq üçün həm turist axını sabit olmalıdır, həm də sahibkar üçün maliyyə əlçatanlığı olmalıdır. Bir çox ölkələrdə, məsələn Qazaxıstan və Özbəkistanda otel tikintisinə dövlət dəstəyi, subsidiyalar və aşağı faizli kreditlər verilir.
Azərbaycanda da müəyyən təşviqlər var, amma bu imkanlar daha da genişlənsə, turizm göstəriciləri artdıqca və turist axını yüksəldikcə bu sahəyə investisiya da daha çox yönələ bilər. Ümumilikdə bu, tələb-təklif məsələsidir. Tələb artdıqca təklif də paralel olaraq genişlənəcək”.