Polşa F-35 qırıcılarının sayını artırmağı planlaşdırır
Polşa ABŞ-dən əlavə iki eskadrilya F-35 döyüş təyyarəsi almağı planlaşdırır.
Operativ Media xəbər verir ki, bu barədə ölkənin baş nazir müavini və müdafiə naziri Vladislav Kosinyak-Kamış cümə günü açıqlama verib.
Nazir bildirib ki, 2025–2039-cu illəri əhatə edən Silahlı Qüvvələrin inkişaf proqramı Polşa Hərbi Hava Qüvvələrinin döyüş imkanlarının gücləndirilməsini nəzərdə tutur. Onun sözlərinə görə, hazırda silahlanmaya qəbul edilən 32 ədəd F-35-dən əlavə olaraq daha iki eskadrilya — yəni 32 ədəd beşinci nəsil döyüş təyyarəsinin alınması planlaşdırılır.
Kosinyak-Kamış qeyd edib ki, F-35 təyyarələri dünyanın ən qabaqcıl döyüş təyyarələri hesab olunur və bu səbəbdən Polşa onların alınmasına üstünlük verir.
Məlumata görə, ilk üç F-35 təyyarəsi artıq Polşa Hərbi Hava Qüvvələrinin silahlanmasına qəbul edilib. Ölkə NATO-nun şərq cinahında bu tip təyyarələrə sahib olan ilk dövlətlərdən biri olub.
Razılaşmaya əsasən, ümumilikdə 32 ədəd F-35 təyyarəsi 2026–2030-cu illər arasında Polşaya təhvil veriləcək. Bu müqavilənin dəyəri 4,6 milyard dollar təşkil edir.
Qeyd edilib ki, F-35-lər müxtəlif müasir silah sistemləri, o cümlədən “hava-hava” tipli AIM-120D-3 raketləri və AGM-88G anti-radar raketləri ilə təchiz olunub.