Menyu

Yay aylarında avtomobillərdə yanğın riski: Sürücülər nələrə diqqət etməlidir?

Ayşən Sadıxzadə
Yay aylarında avtomobillərdə yanğın riski: Sürücülər nələrə diqqət etməlidir?

Yay aylarında avtomobillərin istismarı zamanı sürücülərin diqqət etməli olduğu bir sıra mühüm məqamlar var. Ən ciddi problemlərdən biri avtomobillərdə yanğın riskinin artmasıdır. Bəzi sürücülər mühərrik bölməsini təmizləmək məqsədilə yanıcı maddələrdən, xüsusilə benzin və digər tezalışan mayelərdən istifadə edirlər. Bu isə mühərrikin işləməsi zamanı yaranan yüksək temperatur və hava axınının təsiri ilə alışma riskini artıraraq yanğına səbəb ola bilər.

Bu sözləri Operativ Media-ya açıqlamasında avtomobil ustası Sahil Ağabəyli deyib. 

O bildirib ki, avtomobillərin uzun müddət birbaşa günəş şüaları altında saxlanılması tövsiyə edilmir. Yüksək temperatur həm avtomobilin texniki hissələrinə mənfi təsir göstərir, həm də salon daxilində saxlanılan müxtəlif əşyalar üçün təhlükə yaradır. Xüsusilə alışdırıcılar, qazla doldurulmuş qablar və digər təzyiqli əşyalar istinin təsiri nəticəsində partlayış və ya yanğın riski yarada bilər:

“Yay mövsümündə təkərlərin vəziyyətinə də xüsusi diqqət yetirilməlidir. Havanın temperaturunun yüksəlməsi təkərlərdə təzyiqin dəyişməsinə səbəb olduğundan, onların texniki göstəricilərinin mütəmadi yoxlanılması vacibdir. Bu, həm təhlükəsiz hərəkəti təmin edir, həm də təkərlərin vaxtından əvvəl sıradan çıxmasının qarşısını alır.

İsti havalarda avtomobillərdə kondisioner sistemindən daha intensiv istifadə olunduğu üçün onun texniki vəziyyəti də nəzarətdə saxlanılmalıdır. Xüsusilə istismar müddəti 10 ildən çox olan avtomobillərdə ön radiator və kondisioner radiatorunun mütəmadi təmizlənməsi tövsiyə edilir. Radiatorların üzərində toplanan toz, çirk və müxtəlif həşəratlar hava dövranını zəiflədir, nəticədə həm soyutma sistemi səmərəsiz işləyir, həm də mühərrikin qızması riski artır.

Bundan əlavə, yay mövsümündə salon filtrinin yenilənməsi də məqsədəuyğundur. Təmiz filtr kondisionerin səmərəliliyini artırır, sərin havanın salon daxilinə daha rahat ötürülməsini təmin edir və sərnişinlər üçün daha komfortlu mühit yaradır”.

Əlaqəli Xəbərlər