“Yüksəliş” müsabiqəsinin növbəti mərhələsinə keçən iştirakçıların təhsil göstəriciləri açıqlanıb
“Yüksəliş” müsabiqəsinin idarəetmə bacarıqları mərhələsinə keçid edən 1468 iştirakçının təhsil göstəriciləri açıqlanıb.
Müsabiqənin İşçi Qrupundan Operativ Media-ya bildirilib ki, onların 1338 nəfəri bakalavriat təhsilini Azərbaycanda, 98 nəfəri xaricdə, 32 nəfəri isə həm Azərbaycanda, həm də xaricdə alıb. İştirakçılar arasında magistratura təhsili alan və ya almış şəxslərin sayı 1171 nəfərdir. Onlardan 874 nəfəri magistraturanı Azərbaycanda, 214 nəfəri xaricdə, 83 nəfəri isə həm Azərbaycanda, həm də xaricdə oxuyub. Bundan əlavə, mərhələyə vəsiqə qazananlar arasında 178 nəfər doktorantura və ya aspirantura təhsili alıb.
Qeyd edək ki, bu günədək “Yüksəliş” müsabiqəsinin 116 qalibi müəyyənləşdirilib. Həmin qaliblərdən 25 nəfəri Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində təhsil almış şəxslərdir.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2025-ci il dekabrın 10-da müvafiq Sərəncam imzalanıb.