Menyu

Azad edilmiş ərazilərdə dərs demək: Müəllimlər danışır - SORĞU

Nərmin Qocamanlı
Azad edilmiş ərazilərdə dərs demək: Müəllimlər danışır - SORĞU

Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Bu gün cəmiyyətin ən dəyərli və məsuliyyətli peşə sahiblərinə – müəllimlərə həsr olunur. Müəllim yalnız bilik ötürən deyil, həm də gələcək nəsillərin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayan bir bələdçidir. Onların fədakarlığı, səbir və məsuliyyəti sayəsində cəmiyyətin mənəvi və intellektual inkişafı təmin olunur.

Belə bir peşəyə sahib olub Qarabağda çalışmaq isə daha da qürurvericidir.

Operativ Media işğaldan azad olunmuş ərazilərdə çalışan müəllimlər arasında sorğu edərək onların bu barədə fikirlərini öyrənib. 

Qarabağ Universiteti İqtisadiyyat fakültəsinin müəllimi Nigar Abdullayeva:

“Qarabağda müəllim kimi fəaliyyət göstərmək mənim üçün həm də vətənə xidmətin bir istiqamətidir. Əlbəttə ki, bu böyük məsuliyyət və dərin bir qürur hissidir. 

Bölgənin inkişaf və yenidən qurulma mərhələsində olması təbii olaraq müəyyən infrastruktur və sosial çağırışları da ortaya çıxarır. Bununla belə, bu prosesin bir hissəsi olmaq, yalnız təhsil sahəsinə deyil, eyni zamanda sosial və mədəni mühitin formalaşmasına da töhfə vermək biz müəllimlər üçün həm böyük bir məsuliyyət, həm də mənəvi cəhətdən zənginlik gətirən dəyərli bir təcrübədir.

Dərslərimdə elmi biliklərlə yanaşı, mənəvi dəyərlərin də formalaşmasına diqqət yetirirəm. Mən inanıram ki, savadlı gənc yetişdirmək təkcə bilik vermək deyil, həm də onları şüurlu vətəndaş kimi formalaşdırmaqdır, çünki ölkənin inkişafı həm də bu dəyərlərin yaşadılması ilə mümkündür.

Qarabağda təhsil alan tələbələrdə dərslərə qarşı xüsusi bir həvəs və məqsədyönlülük hiss olunur. Onlar bu torpaqların gələcəyində rol almaq istəyirlər və bu onların xüsusi maraqlarında da əks olunur. Hazırda bölgədə sürətlə aparılan bərpa və quruculuq işləri təhsil sahəsində də yeni imkanlar yaradaraq bu motivasiyanı daha da dəstəkləyir.

Qarabağda çalışmaq pedaqoji fəaliyyətimdə dərin və mənalı təcrübə qazandırıb. Bu torpaqlarda gələcəyin qurulmasına bilavasitə töhfə vermək, tələbələrin iradəsini və inkişaf istəyini görmək həm peşəkar, həm də şəxsi olaraq böyük motivasiya və mənəvi zənginlik yaradır”.

Qarabağ Universiteti Pedaqoji fakültənin müəllimi Fatimə Əlizadə:

“Qarabağda pedaqoji fəaliyyət göstərmək mənim üçün həm də milli vətəndaşlıq məsuliyyətidir. Burada müəllimlik, bilik ötürməkdən daha artıq məna daşıyırır. Gələcək nəsillərin milli kimliyini, tarixi yaddaşını və mədəni irsə bağlılığını formalaşdırmaq missiyasını özündə birləşdirir. Bu isə mənəvi və peşəkar öhdəlikləri daha da artırır.

Qarabağda işləmək mənim üçün həm qürur, həm də dərin bağlılıq hissidir. Maraqlısı odur ki, tez-tez mənə sual verirlər: “Sizi burada işləməyə Elm və Təhsil Nazirliyi yönləndirib, yoxsa öz seçiminiz olub?” Mən həmişə cavab verirəm ki, xeyr, bu mənim şəxsi seçimimdir. Hətta dövlət təqaüdü ilə Böyük Britaniyada magistr təhsili aldığım dövrdə Qarabağ Universitetinə ilk müraciət edənlərdən biri olmuşam. Bu fakt mənim üçün Qarabağda işləməyin nə qədər önəmli və şəxsi dəyər daşıdığını göstərir.

Mən tədrisdə fənn biliklərini milli-mənəvi kontekstlə əlaqələndirməyə çalışıram. Bununla yanaşı, tələbələrə göstərirəm ki, müasir bilik və texnologiyalara yiyələnmək milli-mənəvi dəyərlərlə birgə olduqda daha dayanıqlı və mənalı nəticə verir.

Qarabağ tələbələri arasında vətənpərvərlik və kollektiv məsuliyyət hissi daha güclüdür. Onlar təhsili yalnız şəxsi inkişaf vasitəsi kimi deyil, həm də doğma bölgənin yenidən qurulması və gələcək inkişafı üçün mühüm sosial öhdəlik kimi görürlər. Bu, digər regionlarla müqayisədə daha fərqli və dərin motivasiya yaradır.

Məktəblərin təhsil keyfiyyətini yüksəltmək üçün müasir infrastrukturun inkişafı vacibdir. Bu, xüsusilə təcrübə laboratoriyaları, rəqəmsal resurslar, müasir kitabxanalar və interaktiv tədris avadanlıqlarının tətbiqi ilə mümkündür. Belə resurslar həm müəllimlərin metodik imkanlarını genişləndirəcək, həm də şagirdlərin öyrənmə motivasiyasını artıracaq.

Qarabağda pedaqoji fəaliyyət mənə pedaqogikanın yalnız bilik ötürməkdən ibarət olmadığını, həm də milli kimliyi gücləndirmək və sosial həmrəyliyi möhkəmləndirmək vasitəsi olduğunu göstərdi. Tələbələrin kiçik uğurlarını belə böyük həvəslə qeyd etməsi, onların elmə və gələcəyə ümidlə bağlanması mənim üçün ən dəyərli və unudulmaz pedaqoji təcrübədi”.




Qarabağ Universiteti İncəsənət fakültəsinin müəllimi Səbinə Ərəbli:

“Qarabağda muğam müəllimi olmaq mənim üçün çox böyük məsuliyyətdir. Burada dərs demək sadəcə iş deyil, həm də xalqımıza xidmət deməkdir. Çünki Qarabağ muğamın beşiyidir və bu torpaqda muğamı tədris etmək xüsusi dəyər daşıyır. Mən hiss edirəm ki, hər dərsimlə həm musiqimizi qoruyuram, həm də gələcək nəsillərə ötürürəm. Müəllim olmaq onsuz da məsuliyyətdir, amma Qarabağda bu məsuliyyət qat-qat artır. Mənim üçün bu həm Vətən borcudur, həm də sənətə olan sevginin göstəricisidir.

Burada çalışmaq çox qürurlu və sevincli hissdir. Qarabağ torpağında dərs demək mənə xüsusi güc verir. Sanki hər gün bu torpağın nəfəsi ilə dərsə başlayıram. Azad edilmiş torpaqlarda işləmək insana həm sevinc, həm də həyəcan gətirir. Hər dəfə şagirdlərimlə muğam oxuyanda düşünürəm ki, bu səs Qarabağın səsi ilə birləşir. Bu, mənim üçün həm müəllim kimi, həm də bir azərbaycanlı kimi unudulmaz duyğudur.

Qarabağda oxuyan tələbələrin hamısı bu bölgədən deyil, müxtəlif yerlərdən gəlirlər. Bu, dərslərdə rəngarənglik yaratsa da, bəzən uyğunlaşma çətinliyi olur. Hər kəsin mədəni mühiti və yanaşması bir qədər fərqlidir. Mənim üçün əsas məsələ onların hamısını musiqi ətrafında birləşdirməkdir. Xüsusilə muğam dərslərində bu fərqlər aradan qalxır və tələbələr ortaq dəyər ətrafında bir ailə kimi birləşirlər.

Muğamın özü milli dəyərdir. Mən dərsdə yalnız musiqini öyrətmirəm, həm də onun ruhunu izah edirəm. Gənclərə deyirəm ki, muğam oxuyanda Vətəni də düşünmək lazımdır. Onlara Qarabağın muğamdakı yerini danışır, xanəndələrimizdən nümunələr göstərirəm. Hər bir tələbəyə vətənpərvərlik hissini musiqi ilə aşılamağa çalışıram. Beləcə, həm musiqini, həm də milli ruhu qoruyub gələcək nəsillərə ötürürük.

Mənim üçün ən unudulmaz an odur ki, tələbələr muğam oxuyanda gözlərində həm sevinci, həm də Vətən sevgisini görürəm”.




Qarabağ Universiteti Mühəndislik fakültəsinin müəllimi Hüsrev Kastacı:

“Qarabağda fəaliyyət göstərmək mənim üçün yalnız pedaqoji vəzifə deyil, həm də dərin bir mənəvi borcdur. Bu bölgədə təhsil vermək, gələcəyin bilikli və vətənpərvər gənclərini yetişdirmək mənə həm peşəkar, həm də şəxsi həyatımda böyük qürur bəxş edir. Qarabağı mən ata yurdum hesab edirəm və minlərlə şəhidimizin qanı ilə azad edilən bu torpaqlarda həyatın yenidən qurulmasında iştirak etmək hər bir ziyalının, hər bir müəllimin müqəddəs vəzifəsidir.

Xüsusilə Qarabağ Universitetinin quruculuğunda iştirak etmək arzusu mənim üçün fəxarət mənbəyidir. Çünki belə bir elm ocağında xidmət göstərmək, həm milli mənəvi dəyərlərin qorunmasına, həm də müasir texnologiya sahəsində ixtisaslı kadrların yetişməsinə töhfə vermək deməkdir. Burada tədris aparmaqla biz yalnız bilik ötürmürük, eyni zamanda gələcək nəsillərə tarix, kimlik və vətən sevgisi aşılayırıq.

Tələbələrimizin motivasiyası digər bölgələrlə müqayisədə daha yüksəkdir; onlar azad olunmuş torpaqlarda təhsil almanın məsuliyyətini dərk edir və Vətənə faydalı olmaq üçün böyük həvəs göstərirlər. Mənim şəxsi pedaqoji təcrübəmdə Qarabağda çalışmaq unudulmaz bir təcrübədir  Burada hər dərs yalnız elm öyrətmək deyil, həm də milli yaddaşı möhkəmləndirmək və şəhidlərimizin ruhuna hörmətlə gələcək qurmaq deməkdir”.

Qarabağ Universiteti Tibb və Sağlamlıq Elmləri Fakültəsinin müəllimi Yusif Əfəndizadə:

“Qarabağda fəaliyyət göstərmək mənim üçün böyük mənəvi məsuliyyətdir. Çünki bu torpaqda təhsil vermək və elmi fəaliyyət göstərmək gənc nəslin gələcəyinə birbaşa xidmət deməkdir. Burada çalışmaq insanı həm ruhən gücləndirir, həm də peşəkar fəaliyyətimi hər gün daha dərindən hiss etdirməklə xüsusi qürur yaradır. 

Regionun sosial-mədəni mühitində müəllim kimi əsas çətinliklərdən biri müxtəlif sosial təbəqələrdən gələn tələbələrdən fərqli ehtiyaclarını balanslı şəkildə qarşılamaqdır. Tədris prosesində yalnız elmi biliklərin deyil, həm də yüksək etik dəyərlərə sadiq şəxsiyyətin formalaşmasına xüsusi önəm verir, tələbələrin yaxşı insan, peşəkar həkim və tibb bacısı, eyni zamanda həm ölkəsinə, həm də bəşəriyyətə faydalı qlobal vətəndaş kimi yetişməsinə çalışırıq. Qarabağda təhsil alan tələbələr digər bölgələrlə müqayisədə daha yüksək motivasiya göstərir, çünki onlar bu torpaqlarda oxumağın və inkişaf etməyin xüsusi məsuliyyət daşıdığını anlayırlar. 

Bununla yanaşı, fakültədə aparılan elmi-tədqiqat işlərinə tələbələrin aktiv cəlb olunması da prioritetlərimizdəndir və bu yanaşma regionun elmi inkişafına da müsbət təsir edəcək. Burada işləmək mənə çətinliklər qarşısında səbrli və yaradıcı olmağı öyrədib. Qarabağda qazandığım təcrübə pedaqoji və elmi fəaliyyətimə yeni yanaşma və daha böyük inam bəxş edib. Mən inanıram ki, bu bölgədə təhsil və tədqiqat sahəsində atılan hər addım Azərbaycanın gələcək inkişafına möhkəm təməl olacaq”.

Qarabağ Universiteti Humanitar və sosial elmlər fakültəsinin müəllimi Leyla Babazadə: 

"Qarabağda fəaliyyət göstərmək mənim üçün həm pedaqoji, həm də elmi baxımdan xüsusi əhəmiyyət daşıyır. Mənim doktorantura dissertasiyam Qafqaz Albaniyasının xarici əlaqələrinə həsr olunub və Qarabağ məhz Alban irsinin çox hissəsinin cəmləşdiyi ərazidir. Bu səbəbdən burada çalışmaq mənəvi olaraq həm böyük məsuliyyət, həm də fəxarət hissi yaradır.

Mən dərslərimdə Azərbaycan tarixini — həm qədim, həm də müasir dövrləri xüsusi vurğulayıram. Qarabağ tarixinin öyrədilməsinə isə ayrıca diqqət yetirirəm. Bu, tələbələrin həm milli kimliklərinin möhkəmlənməsinə, həm də qədim irsimiz haqqında daha dolğun təsəvvür formalaşdırmalarına kömək edir.

Qarabağ Universitetinin tələbələri vətənpərvərlik motivasiyası ilə seçilirlər. Onlar dərslərdə daha aktiv iştirak edir, həssas və düşündürücü suallar verirlər. Universitetin yeni təhsil strategiyası da fərqli motivasiya yaradır: burada dərslərin əksəriyyəti ingilis dilində aparılır və peşəkar müəllim heyəti tədris prosesinə cəlb olunub. Bu da tələbələrin həm milli, həm də qlobal dünyagörüşünü inkişaf etdirir.

Mənim üçün Qarabağda pedaqoji fəaliyyət yalnız tələbələrin milli şüurla böyüməsinə deyil, eyni zamanda onların peşəkar kadr kimi yetişməsinə töhfə vermək baxımından böyük qürurdur. Xüsusilə qədim dövrlərlə bağlı öz elmi maraq dairəmi tələbələrlə bölüşmək mənim üçün unudulmaz təcrübədir. Bundan əlavə, ailəmlə birlikdə Xankəndidə yaşamaq və qızımın ilk dəfə burada məktəbə başlaması mənim həyatımın ən fəxredici anlarından biridir”.

Xocalı rayon Ballıca kənd tam orta məktəbinin coğrafiya müəllimi Jalə Quliyeva:

“Qarabağ bölgəsində müəllim kimi fəaliyyət göstərmək həm mənəvi, həm də peşəkar baxımdan xüsusi məsuliyyət və anlam daşıyır. Qarabağda işləmək mənim üçün sadəcə bir iş yeri deyil – bu, Vətənin bərpasında və gələcəyin qurulmasında iştirak etmək deməkdir. Bura şəhidlərin canı bahasına azad olunmuş torpaqdır, burada atılan hər addım, deyilən hər söz, keçirilən hər dərs özündə böyük mənəvi yüklə gəlir.

Qarabağda çalışmaq həm qürur, həm də dərin emosional bir hissdir. Buraya ilk dəfə gələndə ürəyimdə həm sevinci, həm kədəri eyni anda hiss etmişdim. Bir tərəfdə müharibənin izləri, digər tərəfdə isə həyatın yenidən cücərməsi vardı. Şagirdlərin gözlərində ümidi, valideynlərin baxışlarında təşəkkürü gördükcə öz işinin nə qədər dəyərli olduğunu anlayırsan.

Tədris prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanmasına və gələcək nəsillərə ötürülməsinə necə töhfə veririk soruşsanız, dərslərdə inteqrasiya: Müəllim kimi milli qəhrəmanlarımızı, Qarabağın tarixi və mədəniyyətini dərslərə daxil edirəm.

Qarabağdakı şagirdlərdə vətənpərvərlik hissi daha güclüdür. Onlar hiss edirlər ki, bu torpaqların hər qarışı əzizdir və onun qorunması üçün özlərini inkişaf etdirməlidirlər.

İnfrastruktur baxımından məktəblərdə psixoloji dəstək mərkəzlərinə ehtiyac duyulur. Müharibədən təsirlənmiş uşaqlar üçün psixoloq dəstəyi olmalıdır.

Qarabağda işləmək mənə yalnız peşəkar bacarıqlar yox, həm də həyat dərsləri öyrətdi: səbr, təvazökarlıq, ümid və xidmət ruhu".

Şuşa şəhər 1 nömrəli orta məktəbin ingilis dili müəllimi Türkan Hüseynova:

“Qarabağda - Şuşada işləmək mənim üçün böyük bir şərəfdir. Burada müəllim kimi işləmək mənim həm mənəvi həm də peşəkar məsuliyyətimi artırır. 

Burada çalışmaq qürurverici eyni zamanda məsuliyyətli bir hissdir. Qarabağda insanlar arasında mövcud olan birlik, hörmət və dəyərlər bütün çətinlikləri aradan qaldırmağa kömək edir.

Tədris zamani daim milli mənəvi dəyərlərə istinad edir, şagirdlərdə vətənpərvərlik hissi aşılamağa çalışıram. Qarabağda şagirdlərin motivasiyasi daha da yüksəkdir. Çünki onlar öz doğma torpaqlarında təhsil alırlar.

Qarabağda müəllim kimi çalışmaq yalnız bir peşə deyil , eyni zamanda bir missiyadır”. 

Xocalı şəhər 1 nömrəli tam orta məktəbin Rus dili müəllimi Nazilə Məmişova:

“Qarabağda işləmək mənim üçün həm müəllimlik borcu, həm də Vətənə xidmətdir. Burada hər dərs, hər söz daha böyük məsuliyyət daşıyır, çünki biz azad torpaqlarda yeni nəsil formalaşdırırıq. Bu, qürurverici və sevinc dolu hissdir. Doğma Xocalıya qayıdıb eyni məktəbimizdə yenidən dərs demək mənim üçün həyatımın ən böyük sevinci və fəxarətidir.

Uşaqlar sevinc içindədirlər, psixoloji sarsıntı keçirmirlər. Uşaqların  marağı və həvəsi müəllim üçün böyük dəstəkdir. Dərslərdə Qarabağın tarixi, Xocalı şəhidlərinin xatirəsi, milli-mədəni irsimiz barədə danışır, uşaqlarda vətən sevgisi və milli qürur formalaşdırıram.

Şagirdlər daha məsuliyyətli və məqsədyönlüdürlər. Azad torpaqlarda oxumağın dəyərini bilirlər və gələcəyə daha inamla baxırlar.

Onu da qeyd edim ki, məktəblərimiz lazımi avadanlıq və şəraitlə təmin olunub. Hazırda əsas məqsəd tədris prosesinin daha səmərəli təşkili, müəllimlərin peşəkar inkişafı və innovativ tədris metodlarının tətbiqidir.

Qaçqınlıq dövründən azad Xocalıya qayıtmaq mənə həm dözüm, həm də ümid öyrətdi. Burada hər şagirdin gülüşü mənim üçün qələbənin rəmzidir və hər günüm mənəvi zənginlik gətirir".

Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli məktəbin Tarix müəllimi Nuranə Məhərrəmova:

“Qarabağ bölgəsində, xüsusilə Xankəndi şəhərində fəaliyyət göstərmək həm mənəvi, həm də peşəkar baxımdan çox böyük məsuliyyət tələb edir. Müəllim olaraq və xüsusilə tarix müəllimi olaraq doğma yurdda, həsrətini çəkdiyimiz Qarabağımızda təhsil müəsissəsində fəaliyyət göstərmək böyük məsuliyyət tələb edir. Yetişən gənc nəslə şəhidlərimizi unutdurmamaq, onların əziz xatirəsini daim yad etmək, milli kimliyi, mədəni irsimizi və adət-ənənələrimizi qorumağı aşılamaq mənəvi məsuliyyətdir. 

Burada, əziz və doğma Xankəndi şəhərində çalışmaq çox qürurverici hisdir. Deyərdim bu gözəl hissi heç bir sözün gücü çatmaz ifadə etməyə. Mən çox xoşbəxtəm, həqiqətən özümü çox xoşbəxt hiss edirəm ki, Qarabağda-Xankəndi şəhərində çalışıram.

Tədris prosesində milli-mənəvi dəyərlərimizin, milli kimliyimiz və adət- ənənələrin qorunmasında, keçmiş tariximiz, dahi şəxsiyyətlərimiz, doğma xalqımızın ən qədimdən bu günə qədər keçdiyi yollar şagirdlərə aşılanır və şagirdlərimiz vətənpərvər ruhda böyüyərək bunu gələcək nəsillərə ötürəcək. Qarabağda təhsil alan şagirdlər özlərini daha çox xoşbəxt hiss edirlər, daha çox qürurludurlar. Çünki Qarabağda təhsil alan şagirdlər ədaləti bərpa olunduğu, azadlığın bərpa olunduğu, şəhidlərinin qanının töküldüyü və qələbənin, zəfərin çalındığı torpaqda təhsil alır.

Mən çalışdığım məktəbdə ağıllı lövhə olmasını,tarix kabinetinin və tarixi xəritələrin olmasını, şagirdlərin İKT bacarıqlarının yüksəldilməsinə və steam dərslərinin keçirilməsinə ehtiyac var.

16 ildir ki, pedaqoji fəaliyyətlə məşğul olmuşam. Əvəllər Bakı və Ağdam məktəblərində çalışmışam. 23.09.2024-cü ildən Xankəndi şəhərində fəaliyyət göstərirəm. Məktəbin açılışında aparıcı kimi çıxış etmişəm, bu zaman çox xoşbəxt idim. Burda hər zaman özümü sanki döyüşlərdən qalib çıxmış sərkərdə kimi hiss edirəm. Bu torpaqda qələbənin, torpaqlarımızın azadlığını daha dərindən hiss edirsən. İnanıram ki, gələcəkdə Qarabağımız daha çox inkişaf edəcək, Azərbaycanda “Doğan Günəş”ə çevriləcək.



Ağdam rayonu, Ayköl Manas adına Xıdırlı kənd orta məktəbinin fizika-riyaziyyat müəllimi Şərifə Hüseynova:

"Ali Baş Komandanımız İlham Əliyevin düzgün və uzaqgörən siyasəti, rəşadətli ordumuzun qəhrəmanlığı və xalqımızın birliyi nəticəsində biz öz doğma torpaqlarımıza, cənnət Qarabağımıza qayıtdıq. İndi bu torpaqlarda hər şey müasir və gözəl şəkildə yenidən qurulur. Evlər, yollar, infrastruktur, məktəblər. Bu bizi şox sevindirir.
 
Bu gün mən qardaş Qırğız xalqının bizim üçün inşa etdiyi Ağdam rayonu, Ayköl Manas adına Xıdırlı kənd orta məktəbinin fizika-riyaziyyat müəllimiyəm. Bu statusu daşımaq mənə böyük fərəh və qürur hissi verir. Uzun illərdən sonra Ağdama - öz evimə qayıtmaq, vaxtilə mənfur qonşularımızın işğalı nəticəsində yarım qalmış pedaqoji fəalyyətimi burada davam etdirmək sözlə ifadə olunmayacaq bir hissdir. Bu günü bizə yaşadan qəhrəman şəhidlərimizə ulu tanrıdan rəhmət, qazilərimizə can sağlığı diləyirəm. Allah Ali Baş Komandanımızı və dövlətimizi qorusun.

Bu gün Xıdırlı kəndinin çox gözəl və müasir məktəbi var. Belə təşəbbüsə görə başda Qırğızıstan Prezidenti cənab Sadır Japarov olmaqla qırğız xalqına öz dərin təşəkkürümü bildirirəm. Bu məktəbdə işləmək burada çalışan bütün müəllimlərin, eləcə də mənim qarşıma çox şərəfli bir vəzifə qoyur. Məktəb gələcəyin qapısıdır. Ulu Öndərimizin təbirincə desək: “Təhsil millətin gələcəyidir”. 

 Şagirdlərimiz fərqli bir abu-havadadırlar. Onlarda oxumağa-öyrənməyə güclü motivasiya hiss edirəm. Bu məni çox sevindirir və ruhlandırır. Bütün bacarığımdan və vaxtımdan  istifadə edərək onlara dəstək olmağa çalışıram və bu mənə xüsusi bir zövq verir".
                      

Ayşən Sadıxzadə

Teqlər:

"Azad edilmi\u015f \u0259razil\u0259rd\u0259 d\u0259rs dem\u0259k: M\u00fc\u0259lliml\u0259r dan\u0131\u015f\u0131r - SOR\u011eU"

Əlaqəli Xəbərlər