Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa çempionatında B Liqasının qalibi oldu
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının (EBSL) B Liqasının final oyununda Latviya yığmasını məğlub edib.
Operativ Media xəbər verir ki, həlledici qarşılaşmada rəqibinə 4:0 hesabı ilə qalib gələn millimiz turnirin qalibi adını qazanıb. "Beach Soccer Arena"da baş tutan oyunda Zeynal Zeynalovun baş məşqçilik etdiyi kollektiv matç boyu üstün tərəf olub.
Qeyd edək ki, çimərlik futbolçularımız bu qələbə ilə həm də qrup mərhələsində latviyalılara qarşı keçirilən ilk oyundakı 2:3 hesablı məğlubiyyətin qisasını alıblar. Hər iki komanda finala yüksəlməklə növbəti mövsüm üçün Avropa çempionatının güclülər dəstəsinə – A Liqasına vəsiqəni öncədən rəsmiləşdirmişdi. Millimiz yarımfinal mərhələsində Norveç seçməsini 6:1 hesabı ilə üstələyərək finala adlamışdı.