Marko Yankoviç şəkərli diabetdən əziyyət çəkən azarkeşə forma hədiyyə edib
"Qarabağ" klubunun və Monteneqro milli komandasının futbolçusu Marko Yankoviç Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçirilən "Vestri" ilə oyundan sonra şəkərli diabet xəstəliyindən əziyyət çəkən 13 yaşlı Maqnus Mani ilə görüşərək ona öz imzalı formasını təqdim edib.
Operativ Media xəbər verir ki, bu addım futbolçuların iştirakı ilə reallaşan "Birlikdə sevinək" (Gleðjum saman) sosial layihəsi çərçivəsində baş tutub. Sözügedən təşəbbüsdə ilk dəfədir ki, əcnəbi və milli komanda səviyyəsində çıxış edən legioner idmançı yer alıb və layihə çərçivəsində sayca 64-cü forma sahibinə çatdırılıb.
"Vestri" komandasına qarşı baş tutan matçdan sonra klub rəhbərliyi Maqnus və ailəsinə geyim otağının yaxınlığında M.Yankoviç, eləcə də digər komanda yoldaşları ilə görüşmək üçün şərait yaradıb.
Qeyd edək ki, Keflavik şəhərindən olan və futbol formaları kolleksiyası toplayan yeniyetməyə 8 yaşında 1-ci qrup şəkərli diabet diaqnozu qoyulub.