Saxta ədviyyatlar ev şəraitində necə müəyyən olunur?
Saxta və ya keyfiyyətsiz ədviyyatları ev şəraitində tam dəqiqliklə müəyyən etmək mümkün olmasa da, bəzi sadə üsullarla onların keyfiyyəti barədə ilkin fikir formalaşdırmaq olar. Ən vacib məqam odur ki, ədviyyatın rəngi, qoxusu və görünüşü təbii olmalıdır. Həddindən artıq parlaq rəngli, kəskin və qeyri-təbii qoxulu məhsullar şübhə doğura bilər.
Bu sözləri Operativ Media-ya qida eksperti Fərid Səfərov deyib.
O bildirib ki, üyüdülmüş qırmızı bibər, sarıkök və ya sumaqdan az miqdarda suya əlavə etdikdə su dərhal çox tünd rəng alırsa və ya dibində qeyri-adi çöküntü yaranırsa, bu, məhsulun tərkibində əlavə boya və ya kənar qarışıqlar ola biləcəyinə işarə edə bilər. Lakin bu üsullar yalnız ilkin müşahidə xarakteri daşıyır və qəti nəticə vermir:
“Ədviyyat alarkən qablaşdırılmış, etiketli, istehsalçısı və son istifadə tarixi göstərilən məhsullara üstünlük vermək daha təhlükəsizdir. Açıq şəkildə satılan, mənşəyi məlum olmayan və həddindən artıq ucuz ədviyyatların alınması isə risk yarada bilər.
Unutmaq olmaz ki, saxta və ya tərkibinə icazəsiz maddələr qatılmış ədviyyatları dəqiq müəyyən etməyin yeganə etibarlı yolu laborator analizdir. Buna görə də istehlakçılar şübhəli məhsullardan uzaq durmalı və etibarlı satış məntəqələrindən alış-veriş etməlidirlər”.