Yaponiya parlamenti imperator ailəsi ilə bağlı qanun layihəsini təsdiqlədi
Yaponiya parlamentinin yuxarı palatası varislik böhranını aradan qaldırmaq məqsədilə hökumət tərəfindən təqdim olunan imperator ailəsi haqqında qanun layihəsini təsdiqləyib.
Operativ Media xəbər verir ki, səsvermə zamanı deputatların əksəriyyəti sənədin lehinə səs verib.
Qeyd edək ki, sözügedən layihə bundan əvvəl parlamentin aşağı palatası tərəfindən də bəyənilib.
Hazırda imperator Naruhitonun cəmi üç varisi var ki, bunlara onun 60 yaşlı kiçik qardaşı Fumihito, 19 yaşlı qardaşı oğlu Hisahito və 90 yaşlı əmisi Hitati daxildir. Bu səbəbdən son illərdə imperator taxtının sabit varisliyinin qorunub saxlanılması ilə bağlı narahatlıqlar artmaqdadır.
Daha əvvəl parlamentin hər iki palatasının spikerləri hökumətə taxt-taca sahibliyin yalnız kişi xətti ilə ötürülməsini nəzərdə tutan 1947-ci il tarixli qanuna iki dəyişiklik təklifi təqdim ediblər. Birinci təklifə əsasən, imperator ailəsinin qadın üzvləri sadə vətəndaşlarla ailə qurduqdan sonra da öz statuslarını qoruyub saxlaya biləcəklər. İkinci təklif isə 1947-ci ildə statusunu itirmiş 11 köməkçi yan xətdən olan kişilərin imperator ailəsinə qəbul edilməsinə imkan verir.
Hökumət tərəfindən hazırlanan qanun layihəsi bu təkliflər əsasında ərsəyə gəlib. Sənəddə qeyd olunur ki, qadınlar ailə qurduqdan sonra öz istəkləri ilə imperator ailəsini tərk edə bilərlər, lakin onların həyat yoldaşları və övladlarının statusu ilə bağlı müddəalar hələlik tam açıqlanmır. Kişilərin imperator ailəsinə qəbulu isə yalnız 11 yan xəttin nümayəndələrinə şamil olunur və onların yaş həddi 15-dən az olmamalıdır. Qəbul edilən bu şəxslər, öz oğullarından fərqli olaraq, birbaşa taxt-taca sahib olmaq hüququna malik olmayacaqlar.