Macarıstan Siyartonun Rusiya ilə əlaqələri ilə bağlı araşdırmaya başlayıb
Macarıstanın yeni hökuməti ölkənin keçmiş xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyartonun Rusiya ilə təmaslarının hüquq-mühafizə orqanları tərəfindən araşdırılması prosesinə başlayıb.
Operativ Media xəbər verir ki, bu barədə Budapeştdə təşkil edilən mətbuat konfransında Macarıstanın Baş naziri Peter Madyar məlumat verib. Jurnalistlərin Baş nazirə onun əvvəllər Siyartonu "ruslarla sövdələşmədə" ittiham etməsini və dövlətə xəyanət şübhəsi ilə araşdırma aparılmasının vacibliyini dilə gətirməsini xatırlatmasından sonra, o, ittihamlarından imtina etmədiyini və faktla bağlı təhqiqata başlanıldığını təsdiqləyib.
Hökumət başçısı məsələnin detallarını açıqlamaqdan və yekun nəticə barədə öncədən fikir bildirməkdən imtina edib. O, bunu iş materiallarında dövlət sirri daşıyan, həmçinin xarici siyasətə aid çoxsaylı sənədlərin olması ilə əlaqələndirib və ictimaiyyətə açıqlanması mümkün olan məlumatlar ortaya çıxan kimi müvafiq paylaşımların ediləcəyini vəd edib.
Qeyd edək ki, Peter Siyarto 2014-cü ildən Macarıstan XİN-ə rəhbərlik edib. Aprelin 12-də keçirilən parlament seçkilərində təmsil olunduğu "FİDES - Macar Yurddaş Birliyi" partiyası məğlub olduqdan sonra o, fəaliyyətini deputat kimi davam etdirib. Cari ilin iyulun 15-də isə keçmiş nazir mandatından imtina etdiyini və Çinin "BYD" avtomobil şirkətində yüksək vəzifəyə keçdiyini bəyan edib.
Siyarto xarici siyasət idarəsinə rəhbərlik etdiyi dövrdə Rusiya ilə neft-qaz tədarükü, eləcə də "Rosatom"un layihəsi əsasında "Pakş-2" AES-nin inşası da daxil olmaqla energetika sahəsindəki əməkdaşlığı kurasiya edib. Moskva və Sankt-Peterburqa mütəmadi səfərlər edən siyasətçi, Avropa İttifaqındakı əksər həmkarlarından fərqli olaraq, Ukrayna münaqişəsinin nizamlanması məqsədilə Rusiya ilə əlaqələrin qorunub saxlanılmasının tərəfdarı kimi çıxış edib.