Od çərşənbəsi: mənəvi təmizlik və bərəkət
Azərbaycanın qədim inanclarında od kultu xüsusi yer tutur. Od türk mifologiyasında müqəddəs, təmizləyici və qoruyucu gücə malik bir element kimi qəbul edilir. O həm də həyatın, işığın və yenilənmənin rəmzidir. Bu inanc Novruz mərasimlərində, xüsusilə od çərşənbəsində, tonqal qalamaq və odun üzərindən tullanmaq kimi mərasimlərdə özünü göstərir. Belə mərasimlər insanın həm mənəvi, həm də fiziki təmizlənməsini simvollaşdırır.
Filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova Operativ Media-ya açıqlamasında odun funksiyaları və mənəvi əhəmiyyəti barədə danışıb.
O bildirib ki, odun üzərindən tullanmaq və atlanmaq insanın günahlarını, pisliklərini və bədənindəki ağrı-acıları təmizləyir.Od-ocaq (evin ocağı) ailəni qoruyan müqəddəs bir varlıq hesab olunur. Ocaq sönərsə, ailənin bədbəxt olacağına inanılır. Od ailənin soyunun davamlılığını, həmçinin ilahi ilham və eşqi simvolizə edir və aşıq poeziyasında təsvir olunur.
Od həmçinin qoruyucu gücə malikdir. Ev işıqları yanarkən ruhlar rahatlıqla evi ziyarət edə bilir və ailənin xoşbəxt olduğunu görürlər. Tonqal ətrafında toplaşmaq birlik, həmrəylik və yeni başlanğıcın simvoludur. Odun üzərindən tullanmaq isə ilim-bərəkətli və uğurlu bir il arzusunu ifadə edir.
Çərşənbə günləri ocaqlar yandırılır, qazanlar qaynar saxlanılır, sacda çörək bişirilir və şirniyyatlar hazırlanır ki, bərəkət təmin edilsin. Kül və odun istifadəsi xüsusi rituallarla həyata keçirilir; məsələn, külü verməmək evin bərəkətinin qorunması deməkdir.
Qədim dövrlərdə küçə və kənd yerlərində birgə ocaq qalayardılar, at yarışları və kəndirbaz oyunları təşkil olunardı. Bu mərasimlər həm əyləncə, həm də xalqın birliyini simvolizə edirdi. Od kultu günümüzdə Novruz bayramı və gündəlik həyatımızda müəyyən dərəcədə yaşamaqdadır: ocaqlar qorunur və odun müqəddəsliyinə hörmət göstərilir.
