Kirayə üsulu ilə mənzili kimlər və necə ala bilər? - İZAH
Son illərdə mənzil təminatı sahəsində alternativ mexanizmlərdən biri kimi kirayə yolu ilə mənzil əldə etmək imkanı daha da aktuallaşıb. Xüsusilə ipoteka şərtlərinin hər kəs üçün əlçatan olmadığı hallarda, uzunmüddətli kirayə əsasında sonradan mənzil sahibi olmaq modeli vətəndaşlar üçün real çıxış yolu kimi təqdim olunur.
Mövzu ilə bağlı Operativ Media-ya əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı danışıb.
O bildirib ki, kirayə mənzillər ipoteka mexanizmi ilə vətəndaşlara uzunmüddətli istifadə üçün təqdim olunur:
"Bu layihə çərçivəsində vətəndaşlar sonradan satınalma imkanı ilə kirayə mənzillərdən yararlana bilirlər. Proses tam şəkildə elektron qaydada həyata keçirilir və müraciətlər elektron ipoteka sistemi vasitəsilə, “ASAN imza” və ya digər elektron imza vasitələri ilə qəbul olunur.
Bunu da oxu: Bakıda aylığı 925 manatdan kirayə mənzillər satışa çıxarılır
Layihəyə qoşulmaq üçün müraciət edən şəxs Azərbaycan Respublikasının vətəndaşı olmalı, 18 yaşını tamamlamalıdır. Eyni zamanda, müraciət zamanı onun digər kirayə müqaviləsi üzrə aktiv öhdəliyi olmamalı və məhkumluğu götürülməmiş olmamalıdır. Bu şərtlərə cavab verən hər bir vətəndaş uzunmüddətli kirayə layihəsinə müraciət edə bilər.
Vətəndaşlar elektron ipoteka sistemi üzərindən onlayn qaydada müraciət edirlər. Müraciət “ASAN imza” və ya elektron imza vasitəsilə təsdiqlənir. Təqdim olunan məlumatlar qanunvericiliyin tələblərinə uyğun olduğu halda, qısa müddət ərzində adətən 3 gün ərzində vətəndaşa cavab verilir.
Müsbət cavab alan şəxslər fondun əməkdaşları tərəfindən dəvət olunur. Onlara təklif olunan mənzillərlə yerində tanış olmaq imkanı yaradılır, aylıq ödəniş məbləğləri və müqavilə şərtləri izah edilir. Növbəti mərhələdə isə vətəndaş uyğun hesab etdiyi mənzili seçərək prosesə davam edir”.
