Köhnə binalarda balkon təhlükəsi - Sökülməlidir, yoxsa bərpa edilməlidir?
"Balkonların təhlükəsizliyi bu gün çox aktual məsələlərdən biridir və bu sahəyə mütləq texniki yanaşma tələb olunur. Balkonun sökülməsi və ya bərpası barədə qərar yalnız vizual baxış əsasında deyil, peşəkar instrumental texniki ekspertiza nəticələrinə əsasən verilməlidir".
Bu sözləri Operativ Media-ya açıqlamasında təhlükəsizlik eksperti Orxan Musayev deyib.
O bildirib ki, bəzən görünüşdə ciddi problem hiss olunmaya bilər, lakin aparılan ekspertiza nəticəsində gizli təhlükələr aşkar edilə və binanın qəzalı vəziyyətdə olduğu müəyyən edilə bilər. Belə hallarda düzgün və vaxtında qərar insan həyatının qorunması baxımından olduqca vacibdir:
“Bu cür hallar daha çox sovet dövründə, xüsusilə də “xruşovka” tipli köhnə binalarda müşahidə olunur. Əgər texniki müayinə zamanı balkonun daşıyıcı hissələrində ciddi zədələnmələr, armaturun aşınması, betonun dağılması və ya konstruksiyada deformasiya aşkarlanarsa, həmin obyekt qəzalı hesab olunur və bu halda sökülmə qaçılmaz olur.
Belə balkonların saxlanılması yolverilməzdir və sökülmə qərarı verildikdə bütün işlər təhlükəsizlik qaydalarına riayət olunmaqla həyata keçirilməlidir. Bu, birbaşa insan həyatının qorunmasına xidmət edir.
Lakin hər vəziyyətdə sökülmə tələb olunmur. Əgər balkonun daşıyıcı qabiliyyəti qorunub saxlanılıbsa və zədələnmələr səthi və ya orta səviyyədədirsə, müasir tikinti texnologiyaları ilə bərpa mümkündür. Bu zaman betonun bərpası, armaturun təmizlənməsi və qorunması, eləcə də əlavə metal gücləndirmə işləri həyata keçirilə bilər. Düzgün icra olunan bərpa işləri balkonun istismar müddətini əhəmiyyətli dərəcədə uzadır.
Vacib məqamlardan biri də odur ki, son illərdə bəzi sakinlər tərəfindən balkonlara özbaşına dəyişikliklər edilir, şüşələnmə, əlavə yüklənmələr və layihədən kənar konstruksiyalar quraşdırılır. Bu cür müdaxilələr daşıyıcı sistemə əlavə yük yaradır və qəza riskini artıran əsas amillərdən biri hesab olunur”.
