Menyu

Maqnezium seçərkən diqqətli olun: Hansı forma nəyə xeyirlidir?

Operativ Media
Maqnezium seçərkən diqqətli olun: Hansı forma nəyə xeyirlidir?

Maqnezium orqanizm üçün vacib minerallardan biridir və müxtəlif formalarda istifadə olunur. Ən çox istifadə olunan formalar maqnezium malat və maqnezium qlisinatdır. Bu formaların hər biri fərqli təsirə malikdir və istifadə məqsədinə görə seçilməlidir.

Bu sözləri Operativ Media-ya açıqlamasında nevroloq Rəna Abbasova deyib.

O bildirib ki, maqnezium malat əsasən enerji səviyyəsinin aşağı olduğu hallarda tövsiyə olunur. Xroniki yorğunluq, halsızlıq, tez yorulma kimi problemləri olan insanlarda daha effektiv hesab edilir. Xüsusilə yaz aylarında, orqanizmdə ümumi zəiflik və “yaz yorğunluğu” hissi artdığı dövrdə bu forma daha çox istifadə olunur. Malat hüceyrə səviyyəsində enerji istehsalını dəstəklədiyi üçün gün ərzində daha aktiv və gümrah hiss etməyə kömək edə bilər:

“Maqnezium qlisinat isə daha çox sakitləşdirici və rahatlaşdırıcı təsiri ilə seçilir. Bu forma sinir sisteminə müsbət təsir göstərir və gərginlik, narahatlıq, xroniki stress zamanı istifadə olunur. Yuxu problemi olan insanlarda yuxuya getməyi asanlaşdırır və yuxunun keyfiyyətini yaxşılaşdıra bilər. Eyni zamanda, miqren və gərginlik tipli baş ağrılarında əlavə dəstək kimi istifadə edildikdə faydalı nəticələr verə bilər.

Qlisinat formasının digər üstünlüklərindən biri də həzm sisteminə nisbətən daha yüngül təsir etməsidir. Bu forma qarında şişkinlik, narahatlıq və spazm kimi halların azalmasına kömək edə bilər. Həzm problemi ilə yanaşı sinir gərginliyi və yuxusuzluq yaşayan insanlar üçün daha uyğun seçim sayılır.

Ümumilikdə, maqnezium seçərkən əsas məqsəd nəzərə alınmalıdır: əgər əsas problem yorğunluq və enerji azlığıdırsa malat, əgər problem stress, gərginlik və yuxu pozğunluğudursa qlisinat daha uyğun olur. Hər iki halda da istifadə etməzdən əvvəl mütəxəssis məsləhəti almaq daha doğrudur”.

Maqneziumun formalarından biridə sitratdır. Bu, orqanizm tərəfindən ən yaxşı sorulan formalardan biridir. Sitrat forması əsasən maddələr mübadiləsini tənzimləmək və qəbizlik kimi həzm problemlərini aradan qaldırmaq üçün istifadə olunur. Bağırsaqlarda suyun miqdarını artıraraq təbii bir yumşaldıcı təsir göstərir.

Əlaqəli Xəbərlər