Kriptovalyutadan qazanc əldə edənlər nə qədər vergi ödəməlidir? – MƏBLƏĞ
Kriptovalyutadan gəlir əldə edən şəxslərin vergi ödəyib-ödəməməsi məsələsi aktual mövzulardan biridir. Ümumilikdə qeyd olunmalıdır ki, hər bir vətəndaş əldə etdiyi gəlirə görə vergi ödəməlidir. Bu baxımdan, kriptovalyuta əməliyyatlarından qazanc əldə edən fiziki şəxslər də istisna təşkil etmir.
Bu sözləri Operativ Media-ya açıqlamasında bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib.
O bildirib ki, mövcud qaydalara əsasən, fiziki şəxslərin aylıq gəliri 2500 manata qədər olduqda 14 faiz, bu məbləğdən yuxarı hissə üçün isə 25 faiz vergi tətbiq olunur:
“Bu prinsip kriptovalyutadan əldə edilən gəlirlərə də şamil edilir və həmin qazanc rəsmi şəkildə bəyan olunmalıdır.
Digər tərəfdən, praktikada bu sahədə vergi ödənişlərinin tam həyata keçirilmədiyi hallara rast gəlinir. Bunun əsas səbəbi kriptovalyuta əməliyyatlarının izlənməsinin çətinliyi və vergi inzibatçılığı mexanizmlərinin tam formalaşmamasıdır. Lakin vergi orqanları belə gəlirlər barədə məlumat əldə etdikdə, qanunvericiliyə uyğun şəkildə həmin şəxslərdən vergi ödənişini tələb etmək hüququna malikdir”.
