Bakıda ən ucuz torpaq hansı ərazilərdədir? - SİYAHI
"Daşınmaz əmlak bazarında qiymətlərin formalaşmasına təsir edən əsas amillərdən biri coğrafi yerləşmə faktorudur. Əmlakın yerləşdiyi ərazi, inzibati rayon, küçə və prospektlərə yaxınlıq, eləcə də həmin zonada mövcud olan infrastruktur səviyyəsi qiymətlərin müəyyənləşməsində həlledici rol oynayır".
Bu sözləri Operativ Media-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.
Onun sözlərinə görə, Bakı şəhəri üzrə aparılan müşahidələr göstərir ki, torpaq sahələrinin qiymətləri ərazilər üzrə kəskin fərqlənir və bu fərqlər əsasən yerləşmə və infrastruktur təminatı ilə bağlıdır:
"Məsələn, Badamdar qəsəbəsi kimi prestijli ərazilərdə torpağın bir sotunun qiyməti təxminən 30 min manatdan başlayır və şəhər mərkəzinə yaxınlaşdıqca 100 min manata qədər yüksələ bilir. Bu göstəricilər əsasən çıxarışlı torpaq sahələrinə aiddir.
Eyni zamanda, Bilgəh qəsəbəsi ərazisində torpaq qiymətləri orta hesabla 25–50 min manat aralığında dəyişir. Mərkəzi yollara yaxın sahələrdə isə bu qiymət 100 min manata qədər yüksələ bilir. Təklifin məhdud olması səbəbindən bu ərazidə torpaq tapmaq çətinləşir və bəzi prestijli zonalarda bu, nadir hal kimi qiymətləndirilir.
Daha münasib qiymət seqmentinə aid olan Mehdiabad qəsəbəsi və Masazır qəsəbəsi ərazilərində isə fərqli dinamika müşahidə olunur. Mehdiabadda torpağın bir sotunun qiyməti təxminən 7–15 min manat arasında dəyişir və təklif nisbətən genişdir. Masazırda isə təklifin azalması fonunda qiymətlər yüksəlmiş, minimum 10 min manatdan başlayaraq əsas yollara yaxın ərazilərdə 20 min manata qədər çatmışdır.
Binə qəsəbəsi ərazisində torpaq təklifinin çox olması qiymətlərin nisbətən aşağı qalmasına səbəb olur. Burada bir sot torpağın qiyməti təxminən 3 500–5 000 manat aralığında dəyişir. Kommunikasiya və kanalizasiya problemləri bu ərazilərdə qiymətlərin aşağı olmasının əsas səbəblərindən biridir.
İnkişaf etməkdə olan ərazilərdən biri olan Türkan qəsəbəsi üzrə torpaq qiymətləri əsasən 3 500–7 000 manat intervalında dəyişir. Bu zonada xüsusilə ucqar ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaq sahələri üstünlük təşkil edir.
Qala qəsəbəsi ərazisində mərkəzi hissədə torpaq tapmaq çətin olsa da, ümumi qiymətlər orta hesabla 4 000–5 000 manat səviyyəsindədir.
Digər inkişaf edən ərazilərdən biri olan Şağan qəsəbəsi üzrə isə qiymətlər yerləşmədən asılı olaraq dəyişir. Mərkəzi küçələrdə bir sot torpağın qiyməti 15–20 min manat olduğu halda, daha ucqar ərazilərdə bu göstərici 7–10 min manat arasında dəyişir".
Ekspertin sözlərinə görə, Bakı şəhərinin məşhur və sürətlə inkişaf edən qəsəbələrində torpaq qıtlığı daha aydın hiss olunur:
"Bu ərazilərdə fərdi ev tikintisi üçün nəzərdə tutulan torpaq sahələrinin qiymətində illik 40–50 faizə qədər artım müşahidə edilir (Sea Breeze) ki, bu da ölkə üzrə olduqca yüksək göstərici hesab olunur.
Bu cür sürətli artım Azərbaycan üçün, xüsusilə torpaq bazarı baxımından, indiyədək nadir hallarda müşahidə olunmuşdur.
Eyni zamanda, kommersiya obyektlərinə yönəlmiş torpaq sahələri də diqqət çəkir. Məsələn, Bakı şəhərində aktiv zonalarda ticarət fəaliyyətinin genişlənməsi bu tip torpaqlara tələbi əhəmiyyətli dərəcədə artırıb. Həm fərdi kommersiya obyektlərinin, həm də müxtəlif biznes yönümlü tikililərin inşası üçün uyğun, xüsusilə kiçik ölçülü torpaq sahələrinin tapılması getdikcə çətinləşir.
Ümumilikdə, bu seqmentdə təklif məhduddur və mövcud torpaq sahələrinin sayı kifayət qədər azdır. Nəticə etibarilə, kommersiya təyinatlı torpaqların qiyməti son bir il ərzində orta hesabla 20–25 faiz artım göstərir”.
