Mikayıl Cabbarov: "Güləşçilərimizin Tiranadakı möhtəşəm uğuru hər birimizi qürurlandırır"
"Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında Yunan-Roma güləşi üzrə milli komandamızın növbəti möhtəşəm uğuru hər birimizi sevindirir və qürurlandırır".
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov öz "X" sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.
O, Həsrət Cəfərovun (67 kq) ardıcıl 4-cü dəfə Avropa çempionu olaraq tarix yazması, Qurban Qurbanovun (82 kq) titulunu qoruyaraq yenidən zirvəyə yüksəlməsini böyük əzmin, zəhmətin və peşəkarlığın bariz nümunəsi adlandırıb.
"Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasovun (87 kq) qazandığı bürünc medallar da komandamızın döyüş ruhunu bir daha nümayiş etdirdi.
Bu əlamətdar uğur münasibətilə idmançılarımızı, onların məşqçilərini və ailələrini səmimi qəlbdən təbrik edir, Azərbaycan idmanının beynəlxalq arenada qazandığı bu qələbələrin davamlı olmasını arzulayıram", - Mikayıl Cabbarov qeyd edib.
