DYP cərimələrini onlayn necə yoxlamaq olar?
Operativ Media
Cərimələr hüquqi baxımdan inzibati məsuliyyət növü olmaqla, cəmiyyətdə nizam-intizamın və hüquq qaydalarının qorunmasına xidmət edir. Azərbaycanda tətbiq olunan cərimələr müxtəlif sahələri əhatə edir və hər birinin özünəməxsus hüquqi əsasları mövcuddur.
Bu barədə Operativ Media-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov məlumat verib.
Onun sözlərinə görə, cərimə məlumatlarının elektron qaydada yoxlanılması üçün ən geniş istifadə olunan platformalar e-gov.az və dyp.gov.az portallarıdır.
“Bu sistemlər vasitəsilə vətəndaşlar şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, FİN kodu və ya avtomobilin dövlət qeydiyyat nişanını daxil etməklə öz adlarına rəsmiləşdirilmiş cərimələr haqqında ətraflı məlumat əldə edə bilərlər. Elektron xidmətlərin əsas üstünlüyü ondan ibarətdir ki, istifadəçilər cəmi bir neçə dəqiqə ərzində cərimənin məbləğini, tətbiq olunduğu tarixi, qayda pozuntusunun səbəbini və bəzi hallarda video görüntüləri belə görə bilirlər. Bu isə şəffaflığı və etibarlılığı təmin edir”.
Fariz Əkbərov bildirib ki, sözügedən platformalarda cərimələrin onlayn ödənişi də mümkündür:
“ASAN ödəniş sistemi, eləcə də Birbank, ABB və digər bankların mobil tətbiqləri vasitəsilə cərimələri dərhal ödəmək mümkündür. Bu, vətəndaşları əlavə vaxt itkisindən, lazımsız prosedurlardan və mümkün məhkəmə çəkişmələrindən qoruyur”.
Onun sözlərinə görə, yol hərəkəti qaydalarının pozulması ilə bağlı cərimələr xüsusilə diqqət mərkəzindədir. Belə ki, müşahidə kameraları vasitəsilə qeydə alınan pozuntular avtomatik olaraq sistemə ötürülür və sürücülər bu barədə elektron platformalar üzərindən məlumat ala bilirlər.
“Cərimələrin vaxtında ödənilməməsi əlavə faizlərin hesablanmasına, sürücülük hüququnun məhdudlaşdırılmasına və hətta nəqliyyat vasitəsinin cərimə meydançasına yerləşdirilməsinə səbəb ola bilər. Buna görə də cərimələrin mütəmadi olaraq yoxlanılması və nəzarətdə saxlanılması hər bir məsuliyyətli vətəndaş üçün vacibdir”, – deyə Fariz Əkbərov vurğulayıb.
