Menyu

Aliment məbləği necə təyin olunur? - Vəkil danışır

Ayşən Sadıxzadə
Aliment məbləği necə təyin olunur? - Vəkil danışır

Azərbaycan Respublikasında uşağın saxlanılması üçün alimentin hesablanmasının bir neçə forması nəzərdə tutulub.

Bunu Operativ Media-ya açıqlamasında vəkil İsrafil Əlili deyib. 

O bildirib ki, əgər ata rəsmi qaydada işləyirsə və sabit gəliri varsa, aliment onun qazancının müəyyən hissəsi kimi tutulur.

Bir uşağa görə - aylıq qazancının və digər gəlirlərinin dörddə biri (1/4), iki uşağa görə – üçdə biri (1/3), üç və daha artıq uşağa görə isə yarısı (1/2) aliment kimi müəyyən edilir.

Bəzi hallarda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, eləcə də digər diqqətəlayiq halları nəzərə alaraq bu faizləri dəyişə bilər. Lakin praktikada əsasən göstərilən nisbətlər tətbiq olunur.

Əgər ata rəsmi işləmirsə, daimi iş yeri və sabit gəliri yoxdursa, bu zaman aliment sabit pul məbləğində təyin edilir. Məsələn, cari ildə bir uşaq üçün orta hesabla 260 manat məbləğ müəyyən oluna bilər. Lakin məhkəmə işin konkret hallarını, tərəflərin yaşayış yerini və maddi imkanlarını nəzərə alaraq bu məbləği azalda və ya artıra bilər. Təcrübədə bölgələrdə yaşayan cavabdehlər üçün məbləğin daha aşağı təyin olunduğu hallar da mövcuddur.

Qeyd etmək vacibdir ki, atanın işləməməsi və ya işsiz olması onu aliment ödəmək öhdəliyindən azad etmir. Uşağın saxlanılması valideynlərin qanuni borcudur.

Son dövrlərdə sabit məbləğlə müəyyən edilən alimentlər minimum əməkhaqqı ilə əlaqələndirilir. Məsələn, məhkəmə qərarında göstərilə bilər ki, aliment minimum əməkhaqqının 0,61 misli həcmində müəyyən edilir. Bu o deməkdir ki, minimum əməkhaqqı dəyişdikcə aliment məbləği də avtomatik olaraq dəyişir.

Məsələn, minimum əməkhaqqı 400 manat olduqda, onun 0,61 misli 244 manat təşkil edir. Gələcəkdə minimum əməkhaqqı artarsa, aliment məbləği də həmin faiz nisbətində artacaq. Bu mexanizm sayəsində hər dəfə məhkəməyə müraciət edərək məbləğin artırılması üçün ayrıca iddia qaldırmağa ehtiyac qalmır.

Beləliklə, qanunvericilik həm uşağın mənafeyini qorumağa, həm də alimentin real iqtisadi şərtlərə uyğun şəkildə tənzimlənməsinə imkan yaradır”.


Əlaqəli Xəbərlər