Azərbaycanda güclü zəlzələ gözlənilirmi? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, bu gün Şamaxı rayonunda 4.7 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.
Bəs Azərbaycanda daha güclü zəlzələnin baş verməsi gözlənilirmi?
Mövzu ilə bağlı Operativ Media-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli danışıb.
O, bildirib ki, hazırda xırda təkanların davam etməsi geoloji baxımdan normal proses sayılır:
"Bu əsas zəlzələdən sonra yer qabığında yığılan gərginliyin mərhələli şəkildə boşalması ilə bağlıdır və adətən afterşok mərhələsi kimi qiymətləndirilir. Bu isə əksər hallarda yaxın zamanda daha güclü, katastrofik zəlzələnin mütləq baş verəcəyi anlamına gəlmir. Lakin bunu tam istisna etmək də elmi baxımdan mümkün deyil.
Mütəxəssislər seysmik aktivliyi daimi monitorinq edir, təkanların gücünü, dərinliyini və paylanma dinamikasını analiz edirlər. Xüsusilə böyük əsas zəlzələdən sonra ilk günlər və həftələr daha həssas dövr hesab olunur”.
