Qaz borularına kifayət qədər nəzarət edilirmi?
"Hazırda komunal xidmətlərə demək olar ki, nəzarət edilmir. Əvvəllər ayda bir dəfə - qaz xəttləri, onların vəziyyəti, qaz borularının birləşmələri yoxlanırdı. Bu borular mütləq tez-tez yoxlanılmalıdır. Çünki havalar dəyişəndə, mövsümdən-mövsümə keçəndə, eləcə də havalar kəskin soyuduqda borularda müəyyən dəyişikliklər yarana bilər. Bu borularda yer dəyişmələri ola bilər, genişlənmə və ya daralma prosesi baş verə bilər. Bu da qaz sızmalarına gətirib çıxarır".
Bu sözləri Operativ Media-ya açıqlamasında komunal məsələlər üzrə ekpert Nüsrət Qasımov deyib.
Ekspert bildirib ki, əvvəllər vətəndaşlar daha məsuliyyətli idi: "Təbii qaz çox yüksək təhlükəlidir. Təhlükəsizlik qaydalarına riayət edilmədikdə böyük fəsadlar yarana bilər. Bu da partlayışa və yanğına səbəb ola bilər. Ona görə də bu işə yüksək məsuliyyətlə nəzarət etmək lazımdır. Amma təəssüflər olsun ki, son zamanlar vəziyyət mənfiyə doğru dəyişib. Artıq qaz boruları ayda bir dəfə yoxlanılmır. Məhz bu səbəbdən qaz sızması və zəhərlənmə halları artıb.
Bölgələrdə qaz nəzarətsiz qaldığı üçün insanlar qazdan istədikləri kimi istifadə edirlər. Qaz "Azəriqaz"ın xüsusi mülkiyyətidir. Qazı əhaliyə çatdırmaq və təhlükəsizliyini təmin etmək bu qurumun vəzifəsidir. Həm qazdan istifadə edən vətəndaşa, həm də "Azəriqaz"a böyük məsuliyyət düşür. Yalnız lisensiyası olan insanlar qaz borulularında müəyyən dəyişikliklər edə bilər. Bəzən qazdan anlamayan insanlar bu işlərlə məşğul olur. Ümumiyyətlə "Azəriqaz"da çalışan işçilər imtahan verməlidir. Hər bir işçinin sertifikatı olmalıdır. Bilmək lazımdır ki, qaz minadan belə təhlükəlidir. Yoxlamalar tam şəkildə aparılmır. Vətəndaşlar bu nəzarətsizlikdən istifadə edərək, istədikləri kimi qaz xəttlərində dəyişiklik edirlər.
Ekspert bina evlərində yerləşən tüstü bacalarının təmizlənmədiyini bildirib:
"Digər bir problemlə məsələ isə tüstü bacalarıdır. Hazırda bu bacalar nəzarətsizdir. Tüstü bacaları və ventilyasiya kanalları müntəzəm təmizlənmir. Bu bacaları yoxlayan şəxslər bəzən 20 manat və ya digər qiymətlərə təmizlik edirlər. Bu isə vətəndaşın üzərinə əlavə xərcdir. Səhlənkarlıq isə sonradan insan tələfatına yol açır. Demək olar ki, illərdir tüstü bacaları yoxlanılmır".
Ekspert birinci mərtəbələrə qazın az gəlməsinin səbəblərini də izah edib:
"Bəzən qış aylarında bina evlərinin birinci mərtəbələrində qaz daha az gəlir. Bunun səbəbini belə izah etmək olar. Qaz əhaliyə üç müxtəlif – alçaq, orta və yüksək təzyiqdə çatdırılır. Yüksək təzyiqli qaz daha çox şəhər kənarı ərazilərə verilir. Qaz stansiyalarında orta səviyyəyə endirilir. Şəhərdə qazın təzyiqi aşağı səviyyəyə - yəni 300-500 mm su sütununa endirilir. Vətəndaşın istifadə etdiyi qurğularda qazın optimal təzyiqi 130 mm su sütununda olmalıdır. Amma hazırda buna da düzgün riayət edilmir. Qaz havadan yüngül olduğuna görə, təzyiq aşağı olduğu zaman yuxarı mərtəbələrə daha yaxşı ötürülür. Aşağı mərtəbələrdə isə qazın təzyiqi aşağı enir. Buna da nəzarət edilməlidir".
Su qızdırıcı qurğuları ildə bir, digər qızdırıcılar isə ildə iki dəfə yoxlanılmalıdır. İlk olaraq mövsüm əvvəlində və mövsüm ortasında yoxlanılmalar aparılmalıdır. İldə onlarla kiçik zəlzələlər baş verir. Bu zaman qaz xəttləri yerini dəyişə bilər. Bu da qaz sızmalarına səbəb ola bilər. Bunu yalnız mütəxəssislər dəqiq cihazlarla yoxlaya bilərlər. Ona görə də qaz boruları ən azı ildə iki dəfə yoxlanılmalıdır".
N.Qasımov qaz dedektorlarından istifadənin önəmindən danışıb:
"İndi bütün dünyada dedektorlar quraşdırılır. Bu dedektorlar evdə metan qazı və digər zərərli qazlar yığıldıqda siqnal verir. Bunlar sayğacdan əvvəl quraşdırılır. Bu dedektorlar binaların zirzəmələrində quraşdırılmalıdır. Bəzən küçədəki qaz sızması qaz kanalizasiya qurğuları vasitəsilə zirzəmələrə keçir. Bu da çox böyük təhlükə mənbəyidir. Dedektorun quraşdırılması xarici ölkələrdə məcburidir. Amma bizim ölkədə hətta könüllü olaraq belə quraşdırılmır. Maddi baxımdan dedektorlar o qədər də baha deyil. Bir dedektor təxminən 25-30 AZN-ə satılır. Bu məsələyə də diqqət yetirilməsi təhlükəsizlik üçün çox vacibdir".