Sosial yardım üçün müraciət qaydası necədir? - İZAH
Ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir.
Bu sözləri Operativ Media-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov bildirib.
O qeyd edib ki, Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər:
- Ailə üzvünün əmək qabiliyyətini itirməsi
- Ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi
- Ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması
- Ailənin əmək qabiliyyətli üzvünün “İşsizlikdən sığorta haqqında”
- Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişi alması
- Ailə üzvünün vəfat etməsi
- Ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi
- Ailə üzvünün azadlıqdan məhrum edilməsi
- Ailə üzvünün olduğu yerin məlum olmaması
Sosial yardım almaq üçün tələb olunan sənədlər
Sosial yardım hüququndan istifadə etmək üçün müəyyən sənədlər təqdim olunmalıdır. Bu sənədlər kömək olmaq üçün ailənin maddi vəziyyətini təsdiqləyir.
Əsas sənədlər
- Şəxsiyyət vəsiqəsi və ailə tərkibini təsdiq edən sənədlər
- Gəlirlər barədə arayış
- Əmək müqaviləsi və ya işsiz kimi qeydiyyat sənədləri
- Əlillik və ya sağlamlıqla bağlı sənədlər (əgər tələb olunursa)
Sosial yardım almaq üçün müraciətlər DOST mərkəzləri və elektron portallar vasitəsilə həyata keçirilir.
Müraciət qaydası
- Ailə tərkibi və gəlirlər barədə məlumatların toplanması
- Elektron sistemə daxil olaraq müraciət formanın doldurulması
-Tələb olunan sənədlərin yüklənməsi
- Dövlət orqanının qiymətləndirmə prosesini gözləmək
-Qərar çıxarıldıqdan sonra yardımın bank hesabına köçürülməsi
Ünvanlı dövlət sosial yardımı almaq üçün nə etmək lazımdır?
Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər.
Müraciət etmək üçün yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən ailə üzvlərinin razılığı əsasında notarius tərəfindən təsdiq edilmiş təmsilçilik barədə ərizə əldə etmək lazımdır.
Həmin sənədlər “Ünvanlı yardım” altsisteminə (VEMTAS-a) daxil olaraq məlumatları elektron formada doldurmaq və sonunda təsdiq etməkdir”.