Menyu

Yeni binalarda mənzillər bahalaşa bilər - SƏBƏBLƏR

Operativ Media
Yeni binalarda mənzillər bahalaşa bilər - SƏBƏBLƏR
Yeni qaydalara əsasən, gələcəkdə inşa ediləcək çoxmənzilli binalarda kombi sistemlərinin quraşdırılması qadağan ediləcək və onları mərkəzi istilik sistemi əvəzləyəcək. Nazirlər Kabinetinin qərarına görə, fərdi istilik cihazlarından yalnız beşinci mərtəbəyə qədər olan binalarda istifadə etmək mümkün olacaq. Son illər mənzil bazarında əsas seçim meyarlarından birinin fərdi istilik sistemi olduğunu nəzərə alsaq, bu dəyişiklik yeni mənzil almaq istəyənləri ciddi şəkildə düşündürür.

Ekspertlər bildirirlər ki, çoxmənzilli binalarda mərkəzi istilik sisteminin tətbiqi ilk növbədə mənzil qiymətlərinə təsirsiz ötüşməyəcək.

Operativ Media "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, bu qərar yalnız yeni layihələndiriləcək binalara şamil olunur. Bu isə o deməkdir ki, yeni tikiləcək binalarda alışdığımız fərdi istilik sistemləri olmayacaq və bu vəziyyət daşınmaz əmlak bazarına öz təsirini göstərəcək.

Vüqar Oruc bildirib ki, vətəndaşlar artıq "köhnə yeni bina" adlandıra biləcəyimiz, yəni kombi sistemli mövcud binalara daha çox üstünlük verəcəklər. Çünki fərdi istilik sisteminin əsas özəlliyi vətəndaşın onu istədiyi an qoşub-söndürə bilməsi və yalnız istifadə etdiyi qaza görə ödəniş etməsidir. Yeni layihələndiriləcək mərkəzi sistemli binalarda isə həm idarəetmə (menecment), həm də daimi texniki servis xərcləri yaranacaq ki, vətəndaş bu prosesə müdaxilə edə bilməyəcək.

Ekspertin fikrincə, zaman keçdikcə köhnə binaların sıradan çıxması qaçılmaz olsa da, alıcıların hələ bir müddət fərdi istilik sistemi olan mənzillərə üstünlük verəcəyi proqnozlaşdırılır. Gələcəkdə mərkəzi istilik sistemli binaların sayı artdıqca onlara maraq yarana bilər, lakin müasirlik, material keyfiyyəti və müstəqil istilik imkanı baxımından hazırkı yeni binalar daha cəlbedici qalacaq. Hətta proqnozlaşdırılır ki, premium sinif mənzillər məhz bu binalarda cəmləşəcək və hazırda kvadratmetri 3000-4000 manat olan mənzillərin qiyməti gələcəkdə 5000 manatı ötəcək.

Vüqar Oruc onu da əlavə edib ki, əgər binalarda müasir ümumi qazanxana sistemləri tətbiq olunarsa, bu, sakinlərin büdcəsinə çox ağır yük olmaz. Lakin binalar müasir izolyasiya normalarına cavab verməyən köhnə standartlarla tikilərsə, istilik xərcləri daha yüksək olacaq və bu da insanların fərdi sistemli binalara marağını daha da artıracaq.

Əlaqəli Xəbərlər