"Hadrut qələbəsi düşmənin döyüş ruhunu qırdı" - Millət vəkili
Nərmin Qocamanlı
"Hadrutun işğaldan azad olunmasından dörd il ötür. Məlumdur ki, o dövrdə Ermənistan Hadrutun "sarsılmaz erməni əsgəri tərəfindən qorunan alınmaz qala" olduğunu və hələ də öz nəzarətində qaldığını iddia edərək geniş təbliğat kampaniyası qurmuşdu. Lakin əzəli torpağımız olan Ağoğlanı azad etməklə Azərbaycan Ermənistanın hərbi-siyasi mövqeyini daha da zəiflətdi, habelə informasiya müharibəsində aşkar üstünlüyə nail oldu".
"Operativ Media" xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, hüquq üzrə fəlsəfə doktoru Bəhruz Məhərrəmov deyib.
Bəhruz Məhərrəmov qeyd edib ki, Hadrut qələbəsi düşmənin döyüş ruhunu qırdı, işğalçı üzərində tam mənəvi-psixoloji üstünlük əldə edildi:
"Əsgərlərimizin 28 il sonra Hadrutda Azərbaycan bayrağını yenidən ucaltması, buradan ölkə Prezidentinə məruzə etməsi ilə qəsəbənin Ermənistanın nəzarətində qaldığını bəyan edən Paşinyan və komandasının yalançılığı, saxtakar təbliğat maşını ifşa olundu. Bu amil düşmənin döyüş ruhunu qırdı, işğalçı üzərində tam mənəvi-psixoloji üstünlük əldə edildi.
Döyüşlərdə düşmənin 80 hərbçisi,1 komanda-müşahidə məntəqəsi, 15 top, 14 tank, 22 hərbi avtomobil, 7 sursatla dolu avtomobil, 3 PDM, 1 lokator məhv edildi, 1 PUA zərərsizləşdirildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və birbaşa nəzarəti altında Azərbaycan Ordusunun uğurlu Hadrut əməliyyatı dünya hərb tarixinin qızıl səhifələrindən hesab edilməklə, habelə Şuşaya aparan yol olmaqla 44 günlük müharibə xronologiyasında strateji əhəmiyyətə malik ən şərəfli səhifələrdən biri kimi tarixə düşdü".