Avropanı bürüyən ekstremal istilər və quraqlıq: Azərbaycana təsir edəcəkmi?
Avropada müşahidə olunan güclü istilərin və quraqlığın Azərbaycanda da eyni şəkildə təkrarlanacağını demək üçün hələ tezdir. Hazırda belə bir nəticə çıxarmaq düzgün olmaz. Çünki Azərbaycanın iqlim xüsusiyyətləri fərqlidir və yağıntıların öz mövsümi qanunauyğunluğu var. Ən çox yağıntılar adətən qışdan yaza və yazdan yaya keçid dövrlərində müşahidə olunur. Bəzən bu qanunauyğunluqdan qısamüddətli kənaraçıxmalar olur, lakin bu, ümumi iqlim mənzərəsinin dəyişdiyini göstərmir.
Bu sözləri Operativ Media-ya açıqlamasınds Ekoloq Ənvər Əliyev bildirib.
O bildirib ki, Avropada vəziyyət bir qədər fərqlidir:
"Xüsusilə Qərbi Avropa daha sərin və rütubətli iqlimə malik olduğundan, orada müşahidə olunan kəskin istilər insanlar üçün daha ağır hiss olunur. Bundan əlavə, Avropa ölkələrində yaşlı əhalinin payı yüksəkdir və bu qrup isti hava dalğalarına daha həssasdır. Bir çox yaşayış və ictimai binalarda kondisionerdən istifadə də geniş yayılmadığı üçün istilərin təsiri daha ciddi hiss edilir.
Azərbaycanda isə hələlik narahatlığa əsas verəcək vəziyyət yoxdur. Hava proqnozları daim dəyişə bilir. Bəzən əvvəlcədən çox isti və quraq yay proqnozlaşdırılır, lakin sonradan atmosfer prosesləri dəyişir və vəziyyət fərqli olur. Ona görə də indidən qəti nəticə çıxarmaq düzgün deyil.
Mənim fikrimcə, Avropadakı ekstremal istilərin eyni gücdə Azərbaycana çatması ehtimalı yüksək deyil. Bunun həm coğrafi məsafə, həm də atmosfer proseslərinin xüsusiyyətləri ilə əlaqəsi var. Buna görə də vəziyyəti izləmək kifayətdir, əlavə təşvişə ehtiyac yoxdur.
Əlbəttə, yay aylarında istilər güclənərsə, risk qrupuna daxil olan insanlar daha diqqətli olmalıdırlar. Buraya yaşlılar, azyaşlı uşaqlar və xroniki xəstəlikləri olan şəxslər daxildir. Kondisionerdən istifadə zamanı otaq temperaturu ilə açıq hava arasında fərqin 5–6 dərəcədən çox olmaması tövsiyə edilir. Bu, orqanizmin kəskin temperatur dəyişikliyindən qorunmasına kömək edir.
Hazırda isə vəziyyət nəzarət altındadır və ciddi narahatlıq doğuran bir risk görünmür. Qarşıdakı günlərdə hava şəraiti necə dəyişəcəyini müşahidə etmək daha doğru yanaşmadır”.
Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov isə bildirib ki, Hazırda bölgədə quru tropik hava kütlələri üstünlük təşkil edir:
“Afrikadan Avropanın materik hissəsinə daxil olan bu tropik hava kütlələri uzunmüddətli antisiklon şəraiti yaradır. Antisiklon zamanı hava yuxarıdan aşağı enərək mərkəzdən ətrafa doğru yayılır. Bu proses buludların yaranmasına mane olur və nəticədə səma açıq qalır. Açıq səma isə Günəş şüalarının yer səthini daha intensiv qızdırmasına səbəb olur. Eyni zamanda yağıntının düşməsi üçün əlverişli şərait formalaşmadığından uzun müddət yağış müşahidə edilmir. Xüsusilə yay aylarında Günəş şüalarının düşmə bucağı yüksək olduğuna görə yer səthinin qızması daha da güclənir və isti hava dalğasının təsiri daha qabarıq hiss olunur”.