Azərbaycanda elektron ticarətdə "ƏDV geri al" mexanizminin tətbiqi təklif olunur
Elektron ticarətdə "ƏDV geri al" mexanizminin tətbiqi vacibdir.
Operativ Media "Report"a istinadən xəbər verir ki, bunu "Azərbaycan Fintex Assosiasiyası" ("AzFina") İctimai Birliyinin İdarə Heyətinin üzvü Zeynal Kərimzadə Bakıda keçirilən "Azərbaycanın rəqəmsal maliyyə gündəliyi" mövzusunda tədbirdə bildirib.
Onun sözlərinə görə, bu məsələ müxtəlif dövrlərdə Azərbaycan Mərkəzi Bankı ilə müzakirə edilib: "Təkliflərimizin bir qismi artıq icra mərhələsindədir, bir qismi qanunvericilik çərçivəsində müəyyən dəyişikliklər tələb etdiyinə görə hələ gözləmə mərhələsindədir. Hesab edirəm ki, bu layihələr fintex və elektron ticarət bazarının daha da böyüməsinə ciddi töhfə verə bilər. "Multipost" layihəsi mövcuddur və onun əsas üstünlüyü sahibkarlar üçün komissiya xərclərinin azalmasına xidmət etməsidir. "Embedded finance" həlləri iri pərakəndə satış şəbəkələrinə alternativ maliyyə xidmətləri təqdim etmək, öz müştəriləri üçün inteqrasiya olunmuş maliyyə alətləri yaratmaq imkanı verəcək. Bu da həm müştəri loyallığının artmasına, həm də yeni biznes modellərinin formalaşmasına səbəb olacaq. B2B kreditləşmə isə sahibkarlar üçün alternativ maliyyələşmə alətləri yaradaraq fintech bazarında yeni bir istiqamətin formalaşmasına şərait yarada bilər.
Digər mühüm layihələrdən biri "Click-to-Pay" modelidir. Hazırda bu istiqamətdə süni intellekt agentləri üzərində işlər aparılır və ümumilikdə biometrik ödənişlərin yeni standartlarının formalaşması gözlənilir. Biz bu təklifləri artıq bir neçə ildir gündəmdə saxlayırıq və ümid edirik ki, yaxın illərdə onların tətbiqini görəcəyik".
"Həmçinin "ƏDV geri al" mexanizminin elektron ticarətə tam inteqrasiyası da vacib məsələlərdən biridir. Bildiyiniz kimi, bu gün onlayn alış-verişlər zamanı bir çox hallarda vətəndaşlar həmin proqramdan yararlana bilmirlər. Bu istiqamətdə dəyişikliklər elektron ticarətin inkişafına əlavə stimul verə bilər. Media və investisiya mühiti ilə bağlı həmkarlarımızın səsləndirdiyi fikirləri də dəstəkləmək istərdim. Xarici investisiyaların cəlb olunması və investorların ölkəyə marağı son dərəcə vacibdir. Bizim təşkilat Azərbaycanda sıfırdan qurulmuş və əsasən xarici investisiyalar hesabına inkişaf etmiş bir şirkətdir. Bu gün də müxtəlif investisiya raundları vasitəsilə böyüməyə davam edirik.
Lakin son illərdə bazarda baş verən bəzi hadisələr və mediada yayılan müəyyən məlumatlar xarici tərəfdaşlarımız və investorlarımız arasında narahatlıq yaradıb. Biz bu narahatlıqları mütəmadi eşidirik. Düşünürəm ki, bu məsələlərə daha həssas yanaşmaq vacibdir. Çünki bazarımızın beynəlxalq investorlar üçün cəlbediciliyini qorumaq strateji əhəmiyyət daşıyır. Xüsusilə fintex sektoru üzrə Azərbaycanın investisiya baxımından maraqlı bazar kimi qalması üçün düzgün və obyektiv məlumatların paylaşılması böyük önəm kəsb edir".