Müəllimlərin etirazlarına görə Mexiko şəhərindəki FIFA fan zonası başqa yerə köçürülə bilər
Meksikanın paytaxtı Mexikoda yerləşən və 2026-cı il dünya çempionatının açılış mərasimi ilə ilk oyununun nümayiş etdirilməsi planlaşdırılan FİFA azarkeş zonası (fan-zona) ölkənin müəllimlər həmkarlar ittifaqının etirazları səbəbindən başqa yerə köçürülə bilər.
Operativ Media xəbər verir ki, bu haqda ESPN nəşri məlumat yayıb.
Bununla yanaşı, Meksika Prezidenti Klaudiya Şeynbaum iyunun 11-də "Atsiteka" stadionunda Meksika və Cənubi Afrika yığmaları arasında keçiriləcək açılış oyununda iştirak etməyəcək. O, öz biletini başqasına verməyə üstünlük verib. Şeynbaum ilk olaraq qarşılaşmanı Konstitusiya meydanında (Sokalo) qurulacaq şəhər fan-zonasında izləmək imkanından bəhs etsə də, Sokalodakı etirazlar prezidentin planlarını dəyişə bilər.
Dövlət başçısı mətbuat konfransında bildirib: "Müəllimlər və bəzi digər qruplarla bağlı hadisələrin necə cərəyan edəcəyinə baxacağıq, çünki mən, təbii ki, bu vəziyyəti diqqətlə izləməliyəm. Vəziyyəti daim nəzarətdə saxlayan bir komandamız var, lakin hər şeyin necə yekunlaşacağını zaman göstərəcək".
Meksika Müəllimlər Həmkarlar İttifaqının (CNTE) minlərlə üzvü hökumət onların tələblərinə qulaq asana qədər etiraz etmək üçün Sokalo meydanına toplaşıb. Onlar 2007-ci il ISSSTE sistemi vasitəsilə müəllimlərin dövlət pensiyalarının bərpa olunmasını, əməkhaqlarının artırılmasını və digər güzəştlərin edilməsini tələb edirlər. Hökumətin qiymətləndirməsinə görə, Sokalo meydanında CNTE-nin 6000-ə qədər üzvü toplaşacaq və onlar çadır düşərgəsi quraraq fan-zonanın təşkil olunmalı olduğu baş meydanı bağlayacaqlar.
CNTE üzvləri, həmçinin Mexiko boyu yürüşlər keçirərək "Sudad de los Deportes" stadionuna aparan bəzi yol və prospektləri bağlayıblar. İyunun 9-da etirazçılar stadionun yaxınlığındakı əsas magistral yolun bir hissəsində hərəkəti məhdudlaşdırıblar. Meksika hökuməti dünya çempionatının açılış həftəsində digər qrupların da etiraz aksiyaları planlaşdırdığını təsdiqləyib. Mexikoda "Atsiteka" stadionunun yaxınlığında və Sokalo meydanında 19 ictimai hərəkatın nümayəndələrinin toplaşacağı gözlənilir.
Daha sonra Şeynbaum dəqiqləşdirib ki, əgər tədbir Sokalo meydanında baş tutmasa, Mexiko boyu FİFA azarkeş zonasını qəbul edə biləcək 18 digər məkan mövcuddur.