Uşaqların yay tətilini necə səmərəli etməli? – Psixoloq tövsiyələri
Bəzi valideynlər yay tətilində uşaqların istirahətinə şərait yaratmaq əvəzinə onları davamlı şəkildə müxtəlif hazırlıqlara və məşğələlərə yönləndirirlər. Halbuki tətil uşaqlar üçün həm fiziki, həm də psixoloji bərpa dövrü olmalıdır.
Bu sözləri Operativ Media-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.
Psixoloq qeyd edir ki, xüsusilə işləyən valideynlər uşaqların gününü düzgün planlaşdırmalıdırlar. Səhər yeməyindən sonra qısa gəzintilər, günorta istirahəti və axşam saatlarında açıq havada oyunlar uşaqların sağlam inkişafı üçün vacibdir. Xüsusilə saat 17:00-dan sonra açıq havada olmaq uşaqların həm fiziki, həm də psixoloji durumuna müsbət təsir edir:
“Valideynlərin ən böyük narahatlıqlarından biri uşaqların təhlükəsizliyidir. Bu səbəbdən bəzi valideynlər övladlarını evdə tək qoymaq əvəzinə repetitor və ya kurslara göndərməyi daha təhlükəsiz hesab edirlər. Lakin bu zaman uşağın psixoloji yorğunluğu diqqətdən kənarda qalır.
Davamlı yüklənmə uşaqlarda özünəqapanma, aqressiya və hətta ciddi psixoloji problemlərə səbəb ola bilər. Buna görə də valideynlər övladlarının yalnız fiziki deyil, psixoloji sağlamlığını da diqqətdə saxlamalıdırlar.
Bəzi valideynlər işdə olduqları müddətdə uşaqların sakit qalması üçün onlara uzun müddət telefon və planşet verir. Bu isə uşaqlarda həm beyin yorğunluğu yaradır, həm də onları sosial şəbəkələrdə müxtəlif təhlükələrlə üz-üzə qoyur.
Psixoloq qeyd edir ki, uşaqlar bəzən fərqinə varmadan müxtəlif təhlükəli qrupların təsiri altına düşə bilirlər. Uzun müddət ekran qarşısında qalmaq isə emosional gərginliyi artırır.
Mütəxəssis hesab edir ki, valideynlər uşaqlara verdikləri sözləri yerinə yetirməli, onlarla daha çox keyfiyyətli vaxt keçirməlidirlər. Bununla yanaşı, uşaqlarda kitab oxuma vərdişinin formalaşdırılması da vacibdir. Xüsusilə bədii ədəbiyyatın oxunması uşağın nitqinin, düşüncə tərzinin və özünüifadə bacarıqlarının inkişafına müsbət təsir göstərir”.