Menyu

Zorakılığın əsas səbəbləri sırasında ilk növbədə ailə mühiti dayanır – Nazirlik rəsmisi

Operativ Media
Zorakılığın əsas səbəbləri sırasında ilk növbədə ailə mühiti dayanır – Nazirlik rəsmisi

Son vaxtlar uşaqların davranışında sərt bir dəyişiklik hiss olunur. Məktəbdə, həyət-bacada, hətta virtual məkanda münasibətlərin dili daha kəskin, daha aqressiv olub. Bir vaxtlar “uşaq mübahisəsi” deyib görməzdən gəldiyimiz hallar indi daha ağır nəticələr doğurur, bəzən isə artıq pedaqoji məsələ çərçivəsindən çıxaraq ictimai təhlükəsizlik müzakirəsinə çevrilir.

Məsələ ondadır ki, bu aqressiya birdən-birə yaranmır. O, uzun müddət yığılan diqqətsizliyin, yanlış reaksiyaların və boşluqların nəticəsi kimi üzə çıxır. Ailə daxilində ünsiyyətin zəifləməsi, məktəbdə psixoloji dəstək mexanizmlərinin yetərincə işləməməsi, rəqəmsal mühitin nəzarətsiz təsiri və s. bir nöqtədə toplanaraq uşağın davranışında özünü göstərir. Və ən təhlükəlisi də odur ki, çox vaxt bu siqnallar vaxtında anlaşılmır.

Bu gün artıq məsələni yalnız “kim günahkardır?” sualı ilə izah etmək mümkün deyil. Söhbət sistemin necə işlədiyindən, kimlərin hansı mərhələdə məsuliyyət daşıdığından və ən əsası, bu tendensiyanın qarşısını almaq üçün hansı real mexanizmlərin mövcud olduğundan gedir.

Operativ Media xəbər verir ki, mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinin tabeliyində Uşaqların Müdafiə İdarəsinin rəis müavini Günel Səfərova Azərbaycan Müəllimi-nə müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

– Son illərdə azyaşlılar arasında aqressiv davranışların və bullinq hallarının artması müşahidə edilir. Sizcə, bu, lokal tendensiyadır, yoxsa qlobal bir prosesə çevrilib?

– Bu məsələni yalnız lokal çərçivədə qiymətləndirmək düzgün olmaz. Müasir dövrdə dünyada baş verən oxşar hadisələrin təsiri informasiya mühitinin sərhədsizləşməsi fonunda daha sürətlə yayılır və biz də bu təsirləri açıq şəkildə müşahidə edirik. Müxtəlif ölkələrdə baş verən zorakılıq halları sosial media və digər rəqəmsal platformalar vasitəsilə geniş auditoriyaya çatır və bu xüsusilə uşaqların davranış modellərinə təsirsiz ötüşmür.

Bu baxımdan qeyd etmək lazımdır ki, sözügedən problem həm qlobal xarakter daşıyır, həm də qlobal təsirlərin lokal mühitdə təzahürüdür. İnternet resurslarının çoxşaxəli olması və uşaqların bu mühitdə aktiv istifadəçi kimi iştirak etməsi onların müxtəlif təsirlərə məruz qalmasına səbəb olur. Bununla yanaşı, zorakılıq hallarına təsir edən əsas amillər sırasında ailə tərbiyəsi, sosial mühit və uşağın emosional-intellektual inkişaf səviyyəsi xüsusi yer tutur.

“Uşaqlar arasında yaranan bir çox konfliktlər məhz onlayn mühitdə başlayır”

– Uşaqlar arasında zorakılığın formaları dəyişib: fiziki zorakılıqla yanaşı, psixoloji zorakılıq və sosial şəbəkə üzərindən təzyiqlər də artır...

– Artıq zorakılıq təkcə fiziki müstəvidə özünü göstərmir. Psixoloji təzyiq, sosial təcrid və xüsusilə sosial şəbəkələr üzərindən həyata keçirilən kiberzorakılıq halları daha geniş yayılıb. Müşahidələr göstərir ki, uşaqlar arasında yaranan bir çox konfliktlər məhz onlayn mühitdə başlayır və sonradan real mühitə keçir.

Bullinq və zorakılıq hallarının qarşısının alınması istiqamətində həm inzibati, həm də məzmun əsaslı tədbirlər həyata keçirilir. Məktəblərdə psixoloqlar, uşaq müdafiəsi istiqamətində fəaliyyət göstərən mütəxəssislər (“Məktəblinin dostu”), sosial pedaqoqlar və digər aidiyyəti şəxslər bu sahədə aktiv rol oynayırlar. Eyni zamanda tədris və tərbiyə prosesində humanist dəyərlərin təşviqinə xüsusi diqqət yetirilir.

Bununla belə, zorakılıq halları yeni müstəvidə, xüsusilə kibermühitin təsiri altında daha mürəkkəb xarakter almaqdadır. Digər vacib məqam isə media faktorudur. Bəzi hallarda hadisələrin uşaqların məxfiliyi və müdafiə prinsipləri tam nəzərə alınmadan təqdim olunması arzuolunan deyil. Bu cür yanaşmalar problemin həllinə deyil, əksinə, dərinləşməsinə səbəb ola bilər.

– Sizcə, bu hadisələrin kökündə hansı faktorlar dayanır: ailə mühiti, məktəb sistemi, sosial media təsiri, yoxsa bunların hamısı?

– Bu məsələyə tək faktorla yanaşmaq düzgün olmaz, çünki bu, kompleks və çoxşaxəli problemdir. Lakin prioritetləşdirmə aparsaq, əsas səbəblər sırasında ilk növbədə ailə mühiti dayanır. Uşaq ilk davranış modelini məhz ailədə formalaşdırır. Ailədə aqressiya, zorakılıq, laqeyd münasibət və ya emosional soyuqluq müşahidə olunarsa, bu, birbaşa uşağın davranışına sirayət edir.

Ailədaxili münasibətlərdə zorakılıq hallarının olması və ya zorakılığa müəyyən hallarda haqq qazandırılması uşağın psixoloji inkişafına ciddi mənfi təsir göstərir. Belə mühitdə böyüyən uşaqlar zorakılığı problemi həlletmə vasitəsi kimi qəbul edə bilirlər.

Digər mühüm faktor sosial media və rəqəmsal mühitdir. Nəzarətsiz və filtrsiz informasiya axını uşaqlarda yanlış davranış modellərinin formalaşmasına səbəb ola bilər. Bundan əlavə, məktəbdaxili münasibətlər, yəni şagirdlərarası ünsiyyət, sosial status mübarizəsi və qrup psixologiyası da zorakılıq riskini artıran amillərdəndir.

Sosial mediadan istifadənin tam qadağası əks-effekt verə və uşağın marağını daha da artıra bilər

– Kiberzorakılıq real zorakılığa keçid üçün katalizator rolunu oynayır bəzən. Sizcə, sosial media və oyun platformaları uşaqlarda aqressiyanın formalaşmasında hansı rol oynayır?

– Sosial media və rəqəmsal oyun platformaları müasir dövrdə uşaqların həyatının ayrılmaz hissəsinə çevrilib. Bu platformalardan düzgün istifadə olunduqda inkişaf, ünsiyyət və öyrənmə üçün imkanlar yaratsa da, nəzarətsiz istifadə hallarında müəyyən risklər ortaya çıxır.

Xüsusilə yaşa uyğun olmayan məzmunlara çıxış, zorakı səhnələrin izlənilməsi və aqressiv oyunların təsiri uşaqlarda davranış modellərinə mənfi təsir göstərə bilər. Bu təsir birbaşa deyil, dolayı şəkildə, yəni təqlid, normallaşdırma və emosional həssaslığın azalması formasında özünü göstərir.

Burada əsas məsələ qadağalar tətbiq etmək deyil. Tam qadağa əks-effekt verə və uşağın marağını daha da artıra bilər. Əsas yanaşma düzgün yönləndirmə, rəqəmsal savadlılıq və valideyn nəzarətinin təmin edilməsidir.

Valideynlər uşaqların istifadə etdiyi platformalarla tanış olmalı, onların hansı məzmunlarla qarşılaşdığını bilməli və açıq ünsiyyət qurmalıdırlar. Eyni zamanda uşaqlara rəqəmsal təhlükəsizlik qaydaları izah edilməli, kritik düşünmə bacarıqları inkişaf etdirilməlidir.

Məktəblərdə də bu istiqamətdə maarifləndirici tədbirlərin gücləndirilməsi vacibdir. Uşaqlara onlayn davranış etikası, kiberzorakılıq riskləri və təhlükəsiz internet istifadəsi ilə bağlı biliklər sistemli şəkildə aşılanmalıdır.

– Azyaşlıların artan aqressiyası problemi artıq təhlükəsizlik və ictimai risk səviyyəsinə yaxınlaşır. Bəs bunun qarşısını almaq üçün hansı konkret və işlək mexanizmlər var?

– Hazırda bu istiqamətdə maarifləndirmə tədbirləri, məktəbdaxili nəzarət mexanizmləri, psixoloji xidmətlər və sosial-pedaqoji dəstək sistemləri fəaliyyət göstərir. 113 məktəbdə uşaq müdafiəsi istiqamətində fəaliyyət göstərən mütəxəssislər (“Məktəblinin dostu”) bu sahədə mühüm rol oynayırlar.

İdarəmizin klinik psixoloqları baş verən hadisələr zamanı uşaqlara psixoloji dəstək göstərməklə yanaşı, onların gələcək sağlam inkişafı üçün fərdi fəaliyyət planları hazırlayırlar. Məktəb psixoloqları ilə əməkdaşlıq da bu prosesin effektivliyini artırır.

Lakin əsas boşluqlardan biri risklərin erkən mərhələdə aşkarlanmaması ilə bağlıdır. Bir çox hallarda müdaxilə hadisə baş verdikdən sonra həyata keçirilir. Bu isə preventiv yanaşmanın daha da gücləndirilməsini zəruri edir.

“Zorakılıq halları ilə bağlı məlumatların davamlı şəkildə yayılması uşaqlara təsir göstərir”

– Azyaşlıların iştirakı ilə baş verən zorakılıq halları ilə bağlı xəbərlər uşaqların psixologiyasına necə təsir edir? Bu onları daha da təşviq edirmi?

– Zorakılıq halları ilə bağlı məlumatların davamlı şəkildə yayılması uşaqlara müxtəlif formalarda təsir göstərir. Bəzi uşaqlarda qorxu, narahatlıq, güvənsizlik və sosial çəkilmə halları müşahidə olunur. Digər bir qrup uşaqlarda isə bu davranışların normallaşdırılması və hətta təkrarlanması riski yaranır.

Xüsusilə həssas psixoloji vəziyyətdə olan uşaqlarda imitasiya meyli daha yüksək olur. Yəni onlar gördükləri və ya eşitdikləri davranışları təkrarlamağa meyilli olurlar. Bu isə zorakılığın zəncirvari şəkildə yayılmasına səbəb ola bilər.

Eyni zamanda zorakılığa məruz qalan uşaqlarda uzunmüddətli psixoloji travmalar, özünəgüvən hissinin itkisi, sosial adaptasiya problemləri və akademik geriləmə halları da müşahidə edilə bilər.

– Bu prosesdə valideynin və müəllimin məsuliyyət necə müəyyən olunur? Praktik olaraq, valideyn hansı davranışlara görə birbaşa məsuliyyət daşıyır, müəllim isə hansı mərhələdə müdaxilə etməlidir?

– Valideynin rolu bu məsələdə həlledici xarakter daşıyır. Son dövrlərdə aidiyyəti qurumlara daxil olan müraciətlər arasında ailədaxili məişət zorakılığı ilə bağlı halların artması xüsusi narahatlıq doğurur.

Xüsusilə vurğulamaq lazımdır ki, uşaq müdafiəsi istiqamətində çalışan mütəxəssislərə uşaqlar tərəfindən birbaşa bu mövzuda müraciətlər daxil olur. Bu isə problemin real miqyasını və ciddiliyini açıq şəkildə göstərir.

Bəzi hallarda valideynlərin laqeydliyi və ya zorakılığa haqq qazandırması uşaqlarda aqressiyanın formalaşmasına səbəb olur. Bu yanaşma uşağın psixoloji sağlamlığına ciddi zərər vurur.

Müəllimlər isə məktəb mühitində davranış dəyişikliklərini ilk müşahidə edən tərəf kimi vaxtında reaksiya verməli və uşaqları müvafiq istiqamətə yönləndirməlidir. Bununla belə, əsas məsuliyyət yenə də ailə institutunun üzərində qalır. Müəllimlər bu prosesdə mühüm rol oynayır və əksər hallarda ilkin müdaxilə edən tərəf olurlar. Lakin onların üzərinə düşən yük kifayət qədər böyükdür. Bu baxımdan müəllimlərin psixoloji və metodiki hazırlığının daha da gücləndirilməsi vacibdir.

– Məktəb psixoloqları bu riskləri vaxtında aşkar etmək gücündədir, yoxsa praktiki olaraq burada boşluq var?

– Məktəb psixoloqlarının rolu danılmazdır. Lakin şagird sayının çoxluğu, resurs məhdudiyyətləri və müraciət mexanizmlərinin bəzən yetərincə aktiv olmaması müəyyən çətinliklər yaradır. Bu sahədə əlavə gücləndirmə tədbirlərinə ehtiyac var. Lakin artıq qeyd etdiyim kimi idarəmizin klinik psixoloqları bu istiqamətdə həm maarifləndirmə həm də fərdi konsultasiya xidməti işlərini icra edirlər.

– Uşaqların Müdafiə İdarəsi məktəblərdə monitorinqlər keçirirmi? Müşahidələriniz nələrdir?

– Məktəblərdə mütəmadi monitorinqlər həyata keçirilir. Bu monitorinqlər həm planlı şəkildə, həm də daxil olan müraciətlər əsasında aparılır. Məqsəd riskləri erkən mərhələdə müəyyən etmək və operativ müdaxilə etməkdir. Eyni zamanda ETN-nin Daxili İşlər Nazirliyi ilə birgə apardğı monitorinqlər də həm önləyici, həm də nəticəyönümlü bir prosesdir.

– Uşaqların müdafiəsi ilə bağlı mövcud normativ hüquqi baza bu günün risklərinə cavab verirmi, yoxsa yenilənməyə ehtiyac var?

– Uşaqların müdafiəsi ilə bağlı mövcud normativ hüquqi baza ümumilikdə bu sahəni tənzimləyir. Lakin müasir çağırışlar, xüsusilə kiberzorakılıq və rəqəmsal risklər bu sahədə müəyyən yenilənmələri zəruri edir.

Beynəlxalq təcrübədə daha çox profilaktik yanaşmalar, məktəb–ailə–icma əməkdaşlığı və sosial-emosional inkişaf proqramları tətbiq olunur. Bu yanaşmaların genişləndirilməsi yerli mühit üçün də effektiv nəticələr verə bilər.

Əlaqəli Xəbərlər