Kommunal xidmətlərin vahid informasiya sistemi qurulur
“Azəristiliktəchizat”da rəqəmsallaşma istiqamətində planlar mövcuddur. Hazırda yüksəksəviyyəli nümayəndələr həm “Azəristiliktəchizat”la, həm də Energetika Nazirliyi ilə Avropada ezamiyyətdədirlər".
Operativ Media xəbər verir ki, bunu Milli Məclisdə "İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda konfransda çıxışı zamanı energetika nazirinin müavini Elnur Sultanov deyib.
"Bununla yanaşı, SOCAR-da çox diqqətədəyər hadisələr baş verir. Bilirsiniz ki, rəqəmsallaşma məhsuldarlığı artırmaqla bərabər, kiberhücumlara zəiflik mənasına da gəlir. Yəni effektivliyin qarşılığında eyni zamanda kiberhücuma məruzqalma çağırışları ilə üz-üzə qalmış oluruq. SOCAR-da bu istiqamətdə mərkəzləşdirilmiş təhülkəsizlik əməliyyatlar sistemi də qurmaqdadır. "Azərişıq"da təsərrüfat subyektləri nöqteyi-nəzərindən xüsusi olaraq kommunal xidmətlərin vahid informasiya sisteminin qurulması haqqında danışmaq istərdim. İlkin layihə hazırdır və hədəf modelin 2029-cu ildə həyata keçirilməsi nəzərdə tutulur. Digər bir məsələ "Azərişıq" çərçivəsində iş axınlarının rəqəmsallaşdırılması və bunun ötəsində bəzi iş axınlarının artıq vizuallaşdırılmasıdır ki, bu da xüsusi rəqəmsallaşmanın xüsusi bir mərhələsi olaraq qeyd edilə bilər”.