Menyu

Qeyri-formal məşğulluq sahəsində çalışanlar icbari tibbi sığorta haqqını necə ödəyəcəklər? - VİDEO

Operativ Media
Qeyri-formal məşğulluq sahəsində çalışanlar icbari tibbi sığorta haqqını necə ödəyəcəklər? - VİDEO
Qeyri-formal məşğulluq sahəsində fəaliyyət göstərən şəxslərin icbari tibbi sığorta haqqını özlərinin ödəməsi məsələsi son vaxtlar müzakirə olunur. Söhbət rəsmi iş yeri olmayan, lakin müəyyən gəlir əldə edən şəxslərdən gedir. Yeni yanaşmaya əsasən, bu kateqoriyaya aid vətəndaşlar üçün sığorta haqqı artıq dövlət büdcəsi hesabına deyil, öz vəsaitləri hesabına ödənilməlidir.

Bəs ödəniş mexanizmi necə olacaq? Qeyri-rəsmi və ya rəsmi gəliri görünməyən şəxslərdən ödəniş necə tələb ediləcək və bu qayda nə vaxtdan tətbiq olunacaq?

İqtisadçı Xalid Kərimli bildirib ki, burada məqsəd iqtisadiyyatda şəffaflığı artırmaq və vətəndaşları rəsmi iqtisadi fəaliyyətə cəlb etməkdir.

Onun sözlərinə görə, sərt inzibati tədbirlərdən çox, dolayı mexanizmlərə üstünlük verilə bilər. Yəni icbari tibbi sığortadan tam yararlanmaq üçün rəsmi məşğulluğun əhəmiyyəti ön plana çəkilə bilər. Bu yanaşma qeyri-rəsmi fəaliyyət göstərən şəxslər üçün əlavə məsuliyyət yaradır.

Deputat Razi Nurullayevin sözlərinə görə, bu kateqoriyaya daxil olan şəxslər digər sığorta olunanlar kimi eyni tibbi xidmətlərdən yararlanacaqlar. Onlar müəyyən olunmuş məbləği bank vasitəsilə və ya aidiyyəti qurumlara müraciət etməklə ödəməlidirlər. Lakin rəsmi və ya sabit gəliri olmayan şəxslərin bu ödənişi etməkdə çətinlik çəkə biləcəyi istisna edilmir.

Professor Adil Qeybulla isə bildirib ki, rəsmi iş yeri olmayan şəxslərin sığorta ödənişini sistemli şəkildə həyata keçirməsi üçün ölkədə uyğun mexanizm formalaşmayıb.

Onun fikrincə, gəlirsiz vətəndaşdan ödəniş tələb etmək həm praktiki, həm də hüquqi baxımdan çətindir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi isə açıqlayıb ki, mexanizm Nazirlər Kabinetinin müvafiq qərarından sonra qüvvəyə minəcək. Həmin vaxta qədər qeyri-formal məşğulluq sahəsində çalışan şəxslər icbari tibbi sığorta xidmətlərindən əvvəlki qaydada istifadə edəcəklər.

Ətraflı:

Əlaqəli Xəbərlər