Martda bayram günlərində işləyənlərin maaşı necə hesablanacaq? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, martda Novruz və Ramazan bayramları ilə əlaqədar ardıcıl 11 gün qeyri-iş günü olacaq.
Bəs həmin günlərdə işləyənlərin maaşı necə hesablanacaq?
Mövzu ilə bağlı Operativ Media-ya millət vəkili Vüqar Bayramov açıqlama verib.
O, bildirib ki, Əmək Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, işçilər qeyri-iş günləri, respublika bayramları və iş vaxtından artıq (overtime) çalışdıqları saatlar üçün əlavə ödəniş almalıdırlar. Bu halda əməkhaqqı saatlıq tarifin ən azı iki misli məbləğində hesablanır.
Bayram günü işləyən işçilər üçün nümunə belədir: əgər saatlıq əməkhaqqı 40 manatdırsa, hər işlədiyi saat üçün 80 manat ödənilməlidir. Eyni şəkildə, saatlıq əməkhaqqı 10 manat olan işçi üçün bayram günü hər saatın ödənişi 20 manat olacaq.
Əgər işçi qeyri-iş və ya bayram günündə tam iş günü - yəni 8 saat işləyirsə və saatlıq əməkhaqqı 10 manatdırsa, adi gündə bu məbləğ 80 manat olardı. Lakin bayram günü işlədiyi üçün əməkhaqqı ikiqat hesablanır və 160 manat ödənilməlidir.
Beləliklə, qanunvericiliyə uyğun olaraq qeyri-iş və bayram günlərində çalışan işçilərə ən azı ikiqat əməkhaqqı verilir.
