Anar Bağırov: "Vəkillərin pensiya təminatında qeyri-bərabərlik mövcuddur"
Bu gün Azərbaycanda təqaüdə çıxan vəkillərin aldıqları pensiya digər hüquq peşələrində çalışan şəxslərin pensiyaları ilə müqayisədə xeyli aşağıdır.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu gün Azərbaycanda təqaüdə çıxan vəkillərin aldıqları pensiya digər hüquq peşələrində çalışan şəxslərin pensiyaları ilə müqayisədə xeyli aşağıdır. Hesab edirik ki, bu sahədə müəyyən qeyri-bərabərlik mövcuddur.
Bizim mövqeyimiz aydın və prinsipialdır. Hesab edirik ki, hüquq peşələri arasında ayrı-seçkiliyə yol verilməməlidir. Bütün hüquq peşələrində çalışan şəxslərin pensiya təminatı eyni meyarlar əsasında hesablanmalı və onlara bərabər yanaşma tətbiq edilməlidir. Məsələn, digər hüquq peşələrində əmək stajına görə əlavə ödənişlər nəzərdə tutulduğu halda, vəkillik peşəsində belə bir mexanizm mövcud deyil. Eyni zamanda, bəzi hüquq peşələrinin nümayəndələri 60 yaşdan pensiyaya çıxa bildikləri halda, vəkillər üçün belə bir imkan nəzərdə tutulmayıb.
Anar Bağırovun sözlərinə görə, vəkillik peşəsi digər hüquq peşələrindən nə daha asan, nə də daha az məsuliyyətlidir. Əksinə, bu peşə yüksək peşəkarlıq, böyük məsuliyyət və davamlı psixoloji dözümlülük tələb edir. Bu baxımdan, digər hüquq peşələrinin nümayəndələrinə tətbiq olunan sosial təminat mexanizmləri, güzəştlər və imtiyazlar vəkillərə də eyni meyarlarla şamil edilməlidir.
“Biz bu məsələni daim gündəmdə saxlayacağıq. Çünki hesab edirik ki, məhkəmə-hüquq sisteminin bütün iştirakçıları, o cümlədən ədalət mühakiməsinin tərəfləri üçün bərabərlik prinsipi yalnız prosessual hüquqlarda deyil, sosial təminat sahəsində də təmin olunmalıdır”, - deyə o qeyd edib.