Tramp Boloqunun diskvalifikasiyasının dayandırılması qərarında rolunu inkar edib
ABŞ administrasiyasının rəhbəri Donald Tramp iddia edir ki, nə onun, nə də Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti Canni Infantinonun ABŞ yığmasının hücumçusu Folarin Boloqunun dünya çempionatındakı diskvalifikasiyasının dayandırılması barədə qərara aidiyyəti var.
Operativ Media xəbər verir ki, Ağ Evdə jurnalistlərlə söhbəti zamanı Boloqun ətrafındakı vəziyyəti şərh edən ABŞ lideri "Yalnız bunu deyə bilərəm: bu qərara zərrə qədər də aidiyyətim yoxdur. Mənim etməli olduğum tək şey statusu yenidən nəzərdən keçirmək lazım olduğunu söyləmək idi. Mənim bütün etdiyim yenidən baxılmasını xahiş etmək oldu. Mən FIFA-ya "Siz bunu etməlisiniz" demədim", — deyə bəyan edib. Tramp "Bəli, mən FIFA tərəfindən Boloqunun diskvalifikasiyası barədə qərarın yenidən nəzərdən keçirilməsini xahiş etdim", — deyə təsdiqləyib. ABŞ Prezidenti "Canni öz işində mükəmməldir. Bunun onun qərarı olduğunu düşünmürəm. Bu, böyük bir komitə idi", — deyə qeyd edib.
Bununla belə, o, Boloquna qırmızı vərəqə göstərən hakimin qərəzsizliyini şübhə altına almağa çalışıb. Tramp "Hər şey ondan başlayır ki, bu, qayda pozuntusu hesab olunmamalı idi. Daha sonra isə vərəqəni göstərən şəxsə baxmaq lazımdır. Keçmişinə nəzər salsaq, bu hakim bir az şübhəlidir. Çox şübhəlidir", — deyə hesab edir.
Onun sözlərinə görə, Boloqunun iştirakına icazə verilməsəydi, ABŞ və Belçika yığmaları arasında keçiriləcək növbəti oyunu qeyri-ədalətli hesab edərdi. Tramp "Əgər onlar (belçikalılar) bizi məğlub etsələr, bununla həqiqətən fəxr edə bilərlər. Yox, əgər bizi başqa cür udsaydılar, mən bunun 2020-ci ildə ABŞ-də keçirilən seçki nəticələri kimi saxtalaşdırıldığını deyərdim", — deyə bəyan edib. Onun fikrincə, 2020-ci ildə ABŞ-də keçirilən prezident seçkilərinin qalibi elan edilmiş Co Bayden ölkədəki həmin səsvermə prosesində qeydə alınan irimiqyaslı fırıldaqlar hesabına dövlət başçısı olub.
Daha əvvəl "The Athletic" portalı məlumat vermişdi ki, FIFA-nın İntizam Komitəsi Boloqunun diskvalifikasiyasını dayandıraraq ona dünya çempionatının 1/8 finalında Belçika ilə keçiriləcək oyunda iştirak etmək icazəsi verib. Sonradan məlum olub ki, FIFA bu qərarı Ağ Evdən İnfantinoya zəng gəldikdən sonra qəbul edib. Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) isə FIFA-nın Boloqunla bağlı qərarını "qırmızı xəttin" keçilməsi adlandırıb. Boloqun 1/16 finalda Bosniya və Herseqovina komandası ilə matçda (2:0) müdafiəçi Tarik Muxaremoviçə qarşı kobudluğa görə qırmızı vərəqə almışdı. Amerikalı futbolçu rəqibinin ayağına arxadan butsla zərbə endirmişdi. ABŞ və Belçika yığmaları arasındakı qarşılaşma Moskva vaxtı ilə iyulun 7-nə keçən gecə baş tutacaq.